Bakıda Ombudsman Aparatı və Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən birgə seminar - FOTOLAR
Dekabrın 20-də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) birgə təşkilatçılığı ilə “Beynəlxalq humanitar hüququn tətbiqi üzrə fəaliyyətlər: müsbət təcrübələr və problemlər” mövzusunda seminar təşkil olunub. SİA xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin, Baş Prokurorluğun nümayəndələri, beynəlxalq ekspertlər, Bakı Dövlət Universitetinin müəllimləri və Ombudsman Aparatının əməkdaşları iştirak ediblər.
Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı Beynəlxalq Qızıl Xaç Komitəsi ilə Ombudsman təsisatı arasında səmərəli əməkdaşlığın həyata keçirildiyini vurğulayıb.
Bildirib ki, bugünkü tədbir Cenevrə Konvensiyalarının 75-ci ildönümünə həsr olunub. Azərbaycan da Konvensiyasının üzvüdür.
O qeyd edib ki, Cenevrə Konvensiyasına üzv olan dövlətlərin heç də hamısı onun tələblərinə əməl etmir.
A.Səfixanlının sözlərinə görə, ölkəmizin üzləşdiyi mina probleminin həll edilməsi, itkin düşmüş şəxslərin taleyi, onların ailələrinə qaytarılması da beynəlxalq humanitar hüququn prinsiplərindəndir.
Ombudsman Aparatının rəhbəri deyib ki, Azərbaycan 30 il ərzində Ermənistanın işğalçılıq siyasətinin qurbanı olsa da, hər zaman beynəlxalq hümanitar hüququn prinsiplərinə əməl edib. O, soydaşlarımızın uzun illər ərzində pozulmuş hüququn təmin edilməsinin zəruri olduğunu vurğulayıb.
BQXK-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Draqana Kojiç silahlı münaqişələrdə beynəlxalq humanitar hüququn üzləşdiyi problemlərin həllnin və onunla humanitar hüququn həyata keçirilməsi ilə bağlı məlumatlılığın artırılmasının vacib olduğunu diqqətə çatdırıb.
O bildirib ki, silahlı münaqişələrdə humanitar hüququn üzləşdiyi çağırışlar getdikcə artır. Dövlətlərin də bu işdə ciddi səy göstərməsi üçün siyasi iradə tələb olunur.
Draqana Kojiç, həmçinin qeyd edib: “Beynəlxalq Qızıl Xaç Komitəsinin mandatı çərçivəsində Ombudsman təsisatı ilə əməkdaşlıq əlaqələri mövcuddur. Ümid edirəm ki, beynəlxalq hüququn implementasiyası sahəsində əməkdaşlıq davam etdiriləcək”.
Tədbirdə təqdimatlarla çıxış edən məruzəçilər aidiyyəti sahələri üzrə həyata keçirilən fəaliyyət və beynəlxalq təcrübə barədə məlumat verib, iştirakçılarla fikir mübadiləsi aparıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə