Xalqımızın Ümummilli Lideri, böyük siyasi xadim Heydər Əliyevin əziz xatirəsi respublikamızın hər yerində olduğu kimi, Xankəndidə də anılıb. Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Qarabağ Universitetinin əməkdaşları, Xankəndi şəhəri Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin, idarə və təşkilatların rəhbərləri, Xankəndi və Xocalı sakinləri iştirak ediblər. SİA xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov müasir Azərbaycanın memarı olan Ulu Öndərimizin əziz xatirəsinin qədirbilən xalqımız tərəfindən hər zaman dərin ehtiramla yad edildiyini bildirib.
E.Yusubov Xankəndidə Azərbaycan Bayrağının ucaldılmasını həm Heydər Əliyevin 100 illiyinə, həm də xalqımıza ən böyük töhfə adlandırıb. Heydər Əliyevin 2003-cü ildə Azərbaycan xalqına müraciətində dediyi “Mən İlham Əliyevə özüm qədər inanıram” sözlərini xatırladan xüsusi nümayəndə diqqətə çatdırıb ki, Prezident İlham Əliyev bu inamı doğrultdu. Xankəndi, Xocalı, Ağdərə və digər yaşayış məntəqələrimiz işğaldan azad edildi. Bu gün təkcə Qarabağ deyil, Şərqi Zəngəzur da azaddır. Prezident İlham Əliyev uzun illər işğal altında olan torpaqları azad etməklə, Ulu Öndər Heydər Əliyevin ən böyük arzusunu gerçəkləşdirdi.
Tədbirdə digər çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətlərindən danışıb, dahi rəhbərin Azərbaycanın dövlətçilik tarixində müstəqil Azərbaycanın memarı, müasir dövlət idarəçiliyinin və azərbaycançılıq ideologiyasının banisi kimi xüsusi yeri olduğunu vurğulayıblar.
Sonra tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Qarabağ haqqında, Xankəndidə o zaman görülən işlərlə bağlı dediyi fikirləri əks etdirən çıxışına dair videoçarx izləyiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə