Mərakeşin Tancə şəhərində keçirilən beynəlxalq “MEDays” forumu başa çatıb. SİA xəbər verir ki, Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev tədbir çərçivəsində keçirilən “Böhran dövründə qlobal idarəetmə: çoxqütblü dünya üçün çoxtərəfliliyin yenidən qurulması” mövzusunda panel iclasında iştirak edib.
Nazir müavini çıxışında ölkəmizin BMT Təhlükəsizlik Şurasındakı qeyri-daimi üzvlüyü zamanı fəaliyyətindən, regional və beynəlxalq müstəvidə dövlətlər arasında sülhüm və əməkdaşlığın təmin edilməsi, möhkəmlənməsi sahəsində səylərindən danışıb.
F.Rzayev qeyd edib ki, Azərbaycan dünyanın ən böyük təşkilatlarından biri olan Qoşulmama Hərəkatına 4 il sədrlik edib, bu dövr ərzində Hərəkatın beynəlxalq müstəvidə fəal təşkilata çevrilməsinə töhfə verib.
Nazir müavini çıxışında, həmçinin Bakıda keçirilmiş COP29 konfransının nəticələrinin, onun iqlim böhranının həllinə verə biləcəyi töhfələrin, iqlim maliyyələşməsi üzrə əldə edilmiş razılaşmanın əhəmiyyətinə diqqət çəkib. Qeyd edilib ki, razılaşmaya əsasən, 2035-ci ilə qədər iqlim məsələlərinə hər il 300 milyard dollar ayrılacaq. Bu məbləğ gələcəkdə qlobal istiləşmə probleminin həllinə və iqlim dəşikliklərindən əziyyət çəkən inkişaf etməkdə olan ölkələrə yönəldiləcək.
Panel iclasında Mərakeş Kralı VI Məhəmmədin mühüm işlər üzrə səfiri xanım Asiya Bensaleh əl-Əlavi, Belçika Krallığının sabiq Baş naziri İv Löterm, Finlandiyanın sabiq Baş naziri Mari Kiviniem, Rumıniyanın sabiq Baş naziri Datsian Çioloș, Çexiyanın sabiq xarici işlər naziri Tomas Petriçek də çıxış ediblər.
Qeyd edək ki, Mərakeş Kralının himayəsi ilə keçirilmiş forumda dünyanın 100-dən çox ölkəsindən 6 mindən çox nümayəndə iştirak edib. Tədbir çərçivəsində panel iclaslarında 250-dən çox yüksək səviyyəli qonaq çıxış edib. Çıxışçılar arasında dövlət və hökumət başçıları, görkəmli siyasi xadimlər, Nobel mükafatçıları da var.
Bütün xəbərlər Facebook səhifəmizdə