Daha üç məsələ Milli Məclisin plenar iclasına tövsiyə edilib

Noyabrın 19-da Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin növbəti iclası keçirilib. SİA xəbər verir ki, komitə sədri Sadiq Qurbanov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanın ev sahibliyi ilə yüksək səviyyədə təşkilindən bəhs edib. Komitə sədri iclasın birinci məsələsinin - “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) də COP29-un gündəliyinə uyğun olduğunu bildirib. Belə ki, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” 2021-ci il 9 iyul tarixli Qanunun icrası ilə əlaqədar Enerji Effektivliyi Fondu yaradılıb. Bu qanun layihəsi də Fondun vəsaitlərinin formalaşma mənbələrinin genişləndirilməsi və ondan istifadə istiqamətlərinin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Nəticədə, enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsi, həmçinin bərpaolunan enerji mənbələrindən istifadə üçün daha əlverişli şəraitin yaradılması, müvafiq sahənin dəstəklənməsi, təsərrüfat subyektlərinin fəaliyyəti nəticəsində ətraf mühitə mənfi təsirin qarşısının alınması kimi məsələlərin maliyyə təminatı bu vəsaitlər hesabına artacaq.

Layihənin detalları ilə bağlı deputatlara Energetika Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri Rauf Qurbanov məlumat verib. O bildirib ki, “Enerji Effektivliyi Fondunun yaradılması və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Prezidentinin Fərmanına uyğun olaraq, layihədə yalnız tarifləri tənzimlənən enerji növlərinin deyil, eyni zamanda, qiymətləri tənzimlənməyən enerji növlərinin satışından ayrılan vəsaitin də Enerji Effektivliyi Fonduna köçürülməsinin hüquqi əsasları təsbit olunub.

Layihənin müzakirəsində deputat Vüqar Rəhimzadənin sualı cavablandırıldıqdan və Energetika nazirinin müavini Kamal Abbasovun fikirləri dinlənildikdən sonra sənəd birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Növbəti məsələni - “Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında 14 sentyabr 2017-ci il tarixli Sazişə İkinci Qoşma”nın qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanun layihəsini Dövlət Neft Şirkətinin vitse-prezidenti Babək Hüseynov təqdim edib. O diqqətə çatdırıb ki, sənəd AÇG layihəsində sərbəst təbii qazın hasilatının hüquqi əsaslarını yaradır. SOCAR-ın vitse-prezidenti layihənin hazırlanması ilə bağlı görülən işlər, layihədə qazın hasilatı ilə bağlı nəzərdə tutulan tədbirlər barədə məlumat verib.

Layihənin müzakirəsində Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, komitə sədrinin müavini Fatma Yıldırım, Dövlət Neft Şirkətinin icraçı direktorunun müavini Ağaməmməd Sultanov çıxış ediblər. Sənəd Azərbaycanın uğurlu enerji siyasətinin, neft strategiyasının bir göstəricisi kimi dəyərləndirilib və baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Sonra komitə sədri gündəliyin son iki məsələsi olan “Heyvanlar aləmi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında” və “Yaşıllıqların mühafizəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi və Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə məlumat verib. O bildirib ki, üçüncü oxunuşda müzakirəyə çıxarılan qanun layihələrinin əvvəlki oxunuşlarında deputatlara ətraflı məlumat verilib.

Komitə üzvləri hər iki qanun layihəsini üçüncü oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə