"Seçkilərin ilkin nəticələri göstərir ki,..." - MÜNASİBƏT BİLDİRİLDİ

"Birləşmiş Ştatlarda kimin hakimiyyətdə olmasından asılı olmayaraq əsas məqsəd dövlətin strategiyasını qorumaqdır". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert, Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, politoloq Azad Məsiyev deyib.

O bildirib ki, istər respublikaçılar hakimiyyətdə olsun, istərsə də demokratlar dövlətin strategiyası Amerikan imperiyasını qoruyub saxlamaqdır: "Sadəcə hakimiyyətə gələnlər bu strategiyanı qorumaq üçün taktiki dəyişikliklər edə bilər. Hazırda hakimiyyətdə olan Baydenin komandasının üzvü xanım Harris bu siyasəti güc üzərində qurub. Amerika imperiyasını güc üzərində, dünyada xaos yaradaraq genişləndirmək taktikası həyata keçirilir. Tramp isə biznesmendir. Onun təfəkküründə iqtisadi maraqlar güdülür. Harrisdən fərqli olaraq Tramp iqtisadi maraqlar üzərində Amerikan imperatorluğunu qorumaq istəyəcək. Trampın həyat tərzi iqtisadi maraqlar üzərində qurulub. Onun düşüncələrində ancaq iqtisadi maraqlar var. Bu baxımdan Amerikan imperatorluğu Tramp hakimiyyətə gələrsə, iqtisadi maraqlar üzərində qurulacaq. Buna baxmayaraq əsas hədəf dövlətin gücünü qorumaq və Birləşmiş Ştatları dünyada güc mərkəzi kimi inkişaf etdirməkdir. Etiraf etməliyik ki, Birləşmiş Ştatlar dünyada güc mərkəzidir.

Kimin hakimiyyətdə olmasından asılı olmayaraq qlobal dünyamızda müəyyən proseslərə təsir edir. ABŞ strateji məqsədlərini dünyadakı proseslərə təsir etməklə həyata keçirməkdədir. Bayden hakimiyyəti və onun komandasının üzvü olan Harris dünyada xaos yaratmaq və bunun fonunda güc mərkəzlərini daha da inkişaf etdirmək taktikası həyata keçirməkdə idi. İstər Ukrayna münaqişəsi olsun, istər Yaxın Şərq olsun, istərsə də, Cənubi Qafqaz olsun, Birləşmiş Ştatlar öz maraqlarını dünyadakı xaosun fonunda həyata keçirməkdə idilər.

Tramp isə sadəcə Amerika imperatorluğunu iqtisadi maraqlar üzərində quracaq. Əsas hədəfi isə Çin olacaq. Çünki Amerikan imperatorluğuna təhlükə yaradacaq iki əsas dövlət var. Onlardan biri Rusiya idi, ikincisi Çindir. Çünki Rusiya hərbi gücünə görə ABŞ-ı narahat edir. Çin isə iqtisadi gücünə görə narahat edir. Bayden hakimiyyəti Rusiyanı hərbi münaqişəyə cəlb etməklə güc olaraq onu zəiflətmək taktikası həyata keçirdi. Bu siyasətdə Harris daha çox fəal idi. Tramp isə hədəf olaraq Çini götürüb".

"Birləşmiş Ştatlarda kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq dünyadakı proseslər bilavasitə ABŞ-ın təsiri ilə idarə olunur. Avropa Birləşmiş Ştatlarının qanadı altında siyasət yürüdür. Rusiya ilə davranışda Birləşmiş Ştatlar Avropanı alət kimi istifadə etdi. Trampın hakimiyyətə gəlməsi dünyada yaranmış hərbi xaosun qarşısını bir qədər alacaq. Amma bu gün Harrisə Birləşmiş Ştatların hərbi sənaye kompleksi daha çox dəstək verir. Bu da ondan irəli gəlir ki, hərbi sənaye kompleksi istehsal etdiyi silahların satışını həyata keçirmək üçün Amerikanın siyasi hakimiyyətindən istifadə etməkdədir. Harrisin hakimiyyətə gəlməsində hərbi sənaye kompleksinin maraqları var. Seçkilərin ilkin nəticələri göstərir ki, Tramp bir addım irəlidədir. Trampın hakimiyyətə gəlməsi dünyada demokratlar tərəfindən yaradılmış xaosu bir qədər sovuşduracaq" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə