"Ölkəmizin dayanıqlı inkişafı baxımından mühüm addımlar atılacaq" - DEPUTAT BİLDİRİB

"Fevral ayının 7-də ölkəmizdə keçirilən növbədənkənar prezident seçkilərinin qalibi cənab İlham Əliyev oldu. Seçicilərin 92,12%-i xalqın qalib Liderinə səs verdi. Seçicilərlə görüşlər nəticəsində gəldiyimiz qənaət ondan ibarət oldu ki, onlar öz vəfa borclarını yerinə yetiriblər. Təşviqat kampaniyası çərçivəsində vətəndaşlar açıq şəkildə bildirirdilər ki, 7 fevralı sadəcə zaman baxımından gözləyirlər. Onlar öz qəlblərində çoxdan cənab İlham Əliyevə səs veriblər. Dövlət başçısının son 20 il ərzində həyata keçirdiyi siyasət, qazandığı uğurlar, tarixi Zəfər xalqın ona olan məhəbbət və etimadını formalaşdırıb". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Onun sözlərinə görə, fevralın 7-də keçirilən prezident seçkiləri Azərbaycanın bütövlüyü şəraitində baş tutdu: "Çünki bütün torpaqlarımız işğaldan azad olunub və suverenliyimiz tam təmin olunub. Ona görə də xalqımız öz seçimini etdi və qalib sərkərdəsini seçdi. Fevralın 14-də də Prezident İlham Əliyevin andiçmə mərasimi keçirildi. Andiçmə mərasimi zamanı dövlət başçısı bir daha vurğuladı ki, qarşımızda yeni hədəflər dayanıb. Hərbi gücümüz daha da artmalı, ərazi bütövlüyümüzü daha möhkəm şəkildə müdafiə etməli, dövlət-xalq birliyini qoruyub saxlamalıyıq. Azərbaycan xalqı inanır ki, növbəti 7 il ərzində də dövlətimizin dayanıqlı inkişafı istiqamətində mühüm addımlar atılacaq və qarşıda duran məsələlərdə, xüsusilə də işğaldan azad olunmuş ərazilərin bərpa-quruculuq işində daha böyük uğurlara imza atacağıq".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə