"Xalqın birliyi bu seçkiləri yaddaqalan etdi" - KOMİTƏ SƏDRİ BİLDİRDİ

"Növbədənkənar prezident seçkilərinin keçirilməsi Azərbaycan xalqının həyatında çox mühüm tarixi hadisədir. Çünki bu seçkini şəffaf, demokratik şəkildə keçirməklə Azərbaycan xalqı dünyaya bir daha öz seçimini, sadiqliyini, böyük etimadını nümayiş etdirdi. Əlbəttə ki, seçkinin yaddaqalan cəhəti xalqın birliyi və fəal iştirakı idi. Çoxsaylı xarici müşahidəçilərin, siyasi dairələrin iştirak etdiyi seçkinin yüksək səviyyədə keçirilməsi dünyaya yeni mesajlar verdi. Belə ki dünya bir daha anladı ki, Azərbaycan xalqı müharibədə qalib olduğu kimi, seçimlərində də qalibdir. Seçicilərin yüksək fəallığı göstərdi ki, xalqımız öz gələcəyinin tərəfdarıdır. Bunun da əsasları var idi. Çünki cənab İlham Əliyev 20 illik fəaliyyəti ilə özünü təsdiqləmiş və seçim uğurunu müəyyən etmişdir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin komitə sədri Tahir Rzayev deyib.

Onun sözlərinə görə, 20 illik dövr Azərbaycan dövlətinin inkişaf, dünyada tanınma və qələbələr dövrü olub: "Ölkə iqtisadiyyatı sürətlə inkişaf edib, xalqın sosial rifahı yüksəlib, dövlətimiz beynəlxalq aləmdə söz sahibinə çevrilib. Ən əsası isə xalqımız öz rəhbəri ətrafında birləşərək Qarabağ torpaqlarını azğın düşməndən azad edib. Bu böyük qələbələr əsas verir ki, cənab İlham Əliyev əbədi olaraq Azərbaycan Prezidenti olsun".

Deputat sözlərinə davam edərək bildirib ki, cənab İlham Əliyevin yenidən dövlət başçısı seçilməsi nəinki Azərbaycan xalqının, eləcə də qardaş dövlətlərin də sevincinə səbəb olub: "Ölkə rəhbərinə ünvanlanan çoxsaylı təbriklər bunu bir daha sübut edir. Dünya bu gün Azərbaycan Prezidentinə inanır, onun bəşəriyyətin gələcəyi uğrunda apardığı mübarizəsini dəstəkləyir. Bu bəşəri ideyalar yalnız Azərbaycan xalqı üçün deyil, dünya ölkələri üçün də vacibdir.

Prezident İlham Əliyev son çıxışlarında dəfələrlə dünyada sülhün, demokratiyanın, azadlığının tərəfdarı olduğunu, bu yolda səylərini əsirgəməyəcəyini xatırladıb. Əlbəttə ki, deyilənlər əməli fəaliyyətdə öz təsdiqini tapır. Dövlət başçısı verdiyi vədlərə sadiqdir. Belə olduğu halda bütün dünya cənab İlham Əliyevə böyük inam bəsləyir və xarici dövlətlər Azərbaycanla münasibətləri möhkəmləndirməyə önəm verirlər".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə