Rusiya-Ukrayna müharibəsinin bitməsini kimlər istəmir? - POLİTOLOQ ŞƏRH ETDİ

"Rusiya-Ukrayna müharibəsinin davam etməsini istəyən qüvvələr var. Bu müharibənin uzunmüddətli olması, bir çox qlobal maliyyə şəbəkələrinə milyardlar qazandırır. Təbii ki, silah istehsalı ilə məşğul olan sənaye bosları müharibənin daha çox davam etməsini istəyir. Çünki bu gün xüsusilə Qərbdə bütün silah istehsal edən müəssisələr demək olar ki, fasiləsiz işləyirlər. Hətta onlar sifarişləri belə çatdıra bilmirlər. Ukraynanın tədarüklərini təmin etməklə yanaşı, bu ölkəyə silah yardımı edən bütün NATO üzvü ölkələri üst-üstə sifariş verməkdədir. Belə bir sifariş bolluğu və milyardların fonunda silah bosları niyə müharibənin bitməsini istəsinlər?!". Bu sözləri SİA-ya açıqlamasında politoloq Natiq Miri deyib.

"Bildiyiniz kimi, bu silah boslarının bütün ölkələrdə həmin dövlətin siyasətinə böyük təsir imkanları var. Bu baxımdan müəyyən mənada onlar müharibənin bitib-bitməməsi ilə bağlı konkret hansısa siyasi qərarlara da təsir imkanlarını özlərində saxlayırlar. Paralel olaraq bəzi dövlətlər də var ki, onlar da bu müharibənin bitməsini istəmirlər. Çünki müharibənin başladılmasında əsas qayə Rusiyanın çökdürülməsi, Qərb dünyasının rəqibi olmaqdan çıxarılması idi",- deyə o əlavə edib.

Politoloq sözlərinə davam edərək bildirib ki, bu gün hələ ki Rusiyanın zəifləməsinə tam şəkildə nail olunmayıb: "Hələ də Ukraynanın müəyyən əraziləri Rusiyanın işğalı altındadır. Nəhayət, Rusiyanın "dostu" sayılan Çin də bu müharibənin qurtarmasını qismən arzulamır. Çin də müəyyən mənada Rusiyanın bu müharibədən tam zəifləmiş şəkildə çıxmasını istəyir. Belə olduğu halda Rusiya Çinə möhtac qalmış olacaq. Əgər heç bir geosiyasi maraq güdmədən bu müharibənin bitməsini istəyən bir ölkə varsa, o da Türkiyədir. Ona görə də Türkiyə növbəti dəfə öz vasitəçilik missiyasını təqdim edib".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə