"Ermənistan sülh sazişi imzalamaqda qərarlı deyil" - SİYASİ ŞƏRHÇİ MÜNASİBƏT BİLDİRDİ

“Həm Azərbaycanla sərhəddə erməni silahlı qüvvələrinin atəşkəsi mütəmadi olaraq pozması, həm də separatçılar arasında qarşıdurma və fikir ayrı-seçkiliyinin güclənməsi ilə bağlı informasiyalar bir daha sübut edir ki, Ermənistan bizimlə sülh sazişi imzalamaqda və münasibətləri normallaşdırmaqda qərarlı deyil. Ermənistan həm sərhədlərdə sabitliyi pozmaqla, həm də separatçılar arasında intriqaları genişləndirməklə, əslində, sülh prosesini pozur”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.

Onun sözlərinə görə, sərhədlərdə sabitliyin təmin olunmaması nə yüksək səviyyədə, nə də nazirlər səviyyəsində məzmunlu danışıqlar aparmağa imkan verir: “Eləcə də separatçı rejimin müəyyən nümayəndələri arasında çəkişmələr, bəzilərinin separatçı əhval-ruhiyyəni yenidən qızışdırmaq cəhdi və bəzilərinin, hətta Azərbaycanla yenidən müharibəyə başlamaq çağırışları onu göstərir ki, nə Ermənistandakı rejim, nə də Qarabağ bölgəsində olan separatçılar sülhə hazır deyil”.

A.Quliyev sözlərinə davam edərək bildirib ki, təkcə bu vəziyyətin özü bölgədə sülhün təmin olunmasında vasitəçilik etmək istəyən beynəlxalq oyunçuların özləri üçün lazımi nəticə çıxarmaqlarına kifayət etsin: “Belə vəziyyətdə təbii ki, biz həmin nəticənin çıxarılmasını Fransa kimi ölkələrdən gözləmirik. Əlbəttə, belə bir müdaxiləni Rusiyadan da gözləmirik. Çünki Rusiya indiki şəraitdə münasibətlərin normallaşmasının sürətlə getməsi və sülh sazişinin imzalanmasında maraqlı deyil. Əksinə, indiyədək əldə olunmuş bəzi razılaşmalarda Rusiya tərəfi özünün qeyri-məmnunluğunu ortaya qoyur. Xüsusilə də, Rusiya Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasından məmnun qalmayıb. Açıq-aşkar görünür ki, Kreml hakimiyyətində müəyyən dairələr Qarabağda separatçılara fürsət düşdükcə ümidlər verir və yeni separatçı hərəkətlərə həvəsləndirirlər. Nəticə çıxara biləcək dövlətlərə isə ilk növbədə həqiqətən proseslərə yeni vüsət verməkdə maraqlı olan ABŞ-ı aid edirik. Çünki proseslər də göstərir ki, ABŞ sözün həqiqi mənasında Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına fokuslanıb və bu yöndə hər iki tərəflə ardıcıl şəkildə işləri davam etdirir”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə