Azərbaycanın enerji siyasəti ölkəmizin etibarlı dost kimi imicini möhkəmləndirir

Bu gün artıq Azərbaycanın yüksək səviyyəli mötəbər tədbirlərin məkanına çevrilməsi realllıqdır və bu da dövlətimizin beynəlxalq aləmdə gündən-günə artan nüfuzundan xəbər verir. Xüsusilə, son illər Azərbaycanın regionda aparıcı aktora çevrilməsi, dünyada artan nüfuzun onun beynəlxalq təşkilatlarla əlaqələrində və onların fəaliyyətində fəal iştirakına gətirib çıxarıb. Artıq dünya dövlətləri Azərbaycanı etibarlı, mühüm tərəfdaş, sözü imzası qədər dəyərli olan ölkə kimi qəbul edirlər. Bu da, təbii ki, müstəqillik illərində ümummilli lider Heydər Əliyevin formalaşdırdığı uğurlu daxili və xarici siyasət, eləcə də son 19 ildə Prezident İlham Əliyevin yürütdüyü milli maraqlara söykənən siyasi xəttin sayəsində mümkün olub.

Mayın 31-də keçirilən Bakı Enerji Həftəsi enerji sahəsində aparıcı beynəlxalq tədbir olaraq dünyanın əsas dövlətlərinin bu tədbirə böyük maraq göstərməsi, xüsusilə də ABŞ Prezidentinin və Böyük Britaniyanın Baş nazirinin bu tədbirə məktub göndərmələri deyilənləri təsdiq edir. Bir sözlə desək, Bakı Enerji Həftəsi qlobal əhəmiyyətə malik olduğunu göstərməklə bir daha sübut edir ki, müasir dünyada Azərbaycan enerji təminatı sahəsində aparıcı ölkələrdən biridir.

Bakı Enerji Həftəsi enerji həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz sərgisinin rəsmi açılış mərasimində çıxış edərkən Prezident İlham Əliyev ölkəmizin beynəlxalq əhəmiyyətli enerji layihələrindən bəhs edərək xatırladıb ki, Xəzər neft-qaz sərgisi ölkəmizdə 1994-cü ildən keçirilir. Məhz həmin il “Əsrin müqaviləsi” imzalanıb ki, bununla da ölkəmizdə vəziyyət kökündən dəyişib, sərmayələr cəlb edilib, geniş iqtisadi sabitlik təmin olunub və Azərbaycanın firavan gələcəyinin təməli qoyulub. Ötən dövr ərzində Azərbaycan nəhəng enerji infrastrukturu yaradıb və Avrasiyanın enerji xəritəsini dəyişdirib. Bu gün Azərbaycan istehsalçı olaraq həm tranzit ölkələr, həm də istehlakçılar üçün daha təhlükəsiz şərait yaradıb.

Dövlətimizin başçısı onu da vurğulayıb ki, müasir dünyada enerji təhlükəsizliyi milli təhlükəsizliyə bərabərdir və hətta milli təhlükəsizlik gündəliyində ən başlıca yeri tutur. Və bu gün Azərbaycan özünü enerji sahəsində nəhəng transformasiya prosesinin tərkib hissəsi hesab edir. Azərbaycan çalışır ki, bu məsələdə geridə qalmasın və lider, aparıcı ölkə olsun.

Prezident İlham Əliyev onu da qeyd edib ki, Azərbaycan qazına ehtiyac artmaqdadır. Son il yarım ərzində Azərbaycana 10-dan artıq ölkə müraciət edib ki, təchizatın həcmi artırılsın və ya həmin ölkələrə təchizata başlanılsın.

Dövlətimizin başçısı çıxışında Avropa İttifaqı ilə Azərbaycan arasında enerji dialoqunun uğurla davam etdiyini də söyləyib: "Bu gün Azərbaycan istehsalçı olaraq həm tranzit ölkələr, həm də istehlakçılar üçün daha təhlükəsiz şərait yaradıb. Bu gün enerji təhlükəsizliyi milli təhlükəsizliyə bərabərdir və hətta milli təhlükəsizlik gündəliyində ən başlıca yeri tutur".

Bəli, bu gün Azərbaycan regionda və region xaricində enerji təhlükəsizliyinin gücləndirilməsində davamlı tərəfdaş olub. Avropa üçün enerji tərəfdaşının etibarlılığı hər şeydən əhəmiyyətlidir. Və Azərbaycanın artan nüfuzu və müasir beynəlxalq münasibətlər sistemində güclənən mövqeyinin göstəricisidir. Və bu gün Avropa üçün alacağı enerji resursunun özündən daha əhəmiyyətlisi tərəfdaşının etibarlılığı və təchizatçı regionda sabitliyin dayanıqlı olmasıdır. İyirmi ilə yaxın Prezident İlham Əliyevlə birbaşa təmaslar Azərbaycan liderini Avropada sözü və imzası güclü olan bir şəxsiyyət kimi tanıdıb. Çünki bu gün dövlət başçımızın qətiyyətli uğurlu xarici siyasəti nəticəsində daxili stabillik möhkəmdir və Azərbaycanın öhdəliklərinin icrası ilə bağlı heç bir problem yoxdur. Ən vacibi isə Azərbaycan müstəqil iradə sahibidir, yəni sərvətləri üzərində 2-3-cü tərəflər yox, konstitusion formada təsbit olunduğu kimi Azərbaycan Respublikası özü qərar sahibidir.

Məhz bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil siyasət nəticəsində ölkəmizin formalaşan etibarlı tərəfdaş imici, zəngin ehtiyatlar və yaradılan şaxələndirilmiş enerji infrastrukturu Azərbaycanı Avropa üçün ən optimal ümid yerinə çevirir. Mövcud əməkdaşlıq formatı isə ölkəmizi Avropa İttifaqının və birliyə daxil olan ayrı-ayrı dövlətlərin enerji təhlükəsizliyi, bununla da milli təhlükəsizliyində söz sahibinə və ciddi təsir imkanlarına malik qütbə çevirir. Və bu gün Balkanlar və Mərkəzi Avropa ölkələri Prezident İlham Əliyev cənablarına güvəndiklərini açıq formada ifadə edərək bu formatın dərinləşdirilməsində maraqlı olduqlarını bildirirlər.

Çünki bu gün Azərbaycan milli maraqlarına uyğun şəkildə bütün dünya dövlətləri ilə sülh şəraitində əməkdaşlıq edir. Və Azərbaycan Prezidenti İlham Əliyev sərgidə çıxışı zamanı da bir daha çağırış edərək vurğulayıb ki, beynəlxalq maliyyə institutları, biz hər birimiz vahid komanda kimi çalışırıq ki, enerji təhlükəsizliyini gücləndirək, bir-birimizə müəyyən çətinliklərin öhdəsindən gəlmək üçün dəstək olaq: "Onlar situativ çətinliklər və ya strateji çətinliklər ola bilər. Biz bu işdə bir yerdəyik. Mən çox fəxr edirəm ki, Avropa İttifaqının liderləri Azərbaycanı etibarlı tərəfdaş və ümumavropa qaz təchizatçısı adlandırır".

Azərbaycan Prezidenti çıxışında, həmçinin qarşıda duran vəzifələrin anonsunu da verib. Vurğulayıb ki, Azərbaycan Avropa bazarına qaz təchizatını bu il 12 milyard kubmetrə çatdırmağı hədəfləyir, 2027-ci il üçün isə bu, 20 milyarda kubmetrə çatırılacaq. Təbii ki, bu da ölkəmizin iqtisadi qüdrətini daha da artıracaq, maliyyə imkanlarını genişləndirəcək. Həmçinin Azərbaycanda “yaşıl enerji” potensialı da xeyli yüksəkdir, ölkəmizdə küləkli və günəşli günlərin çox olması bu sahənin inkişafına geniş imkanlar açır. Hazırda bu istiqamətdə də fəal iş aparılır. Bu da ölkəmizin enerji potensialına əlavə güc qatacaq.

Bir sözlə, bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində müstəsna rol oynayır və bu, Azərbaycanın artan nüfuzunun, etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyinin, göstərilən etimadın təqdimatıdır.

VİDADİ NƏZƏROV,
YAP Masallı rayon təşkilatı Masallı Dövlət Regional Kollec ərazi ilk partia təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə