"Biz inanırıq ki, Ərdoğan yenidən prezident seçiləcək" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
“14 may tarixində Türkiyədə keçirilən seçki həqiqətən dünya üçün demokratik seçki nümunəsi idi. Rəcəb Tayyib Ərdoğan 20 ildən artıqdır ki, Türkiyəyə rəhbərlik edir. Bu müddət ərzində onun fəaliyyətini həm daxildə, həm də ölkədənkənar dəstəkləyən və dəstəkləməyənlərin olması qaçılmazdır. Belə bir vəziyyətdə Ərdoğan yenə də qələbə qazanıb. Eyni zamanda, parlament seçkilərində səs çoxluğu ilə üstünlük əldə olundu. Bu ciddi bir məsələ idi”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
Onun sözlərinə görə, Ərdoğanın rəhbərlik etdiyi partiya parlament seçkilərində qalib gəldi: “Prezident seçkilərində də nəticə göz qabağında idi. Hesab edirəm ki, ilk turun nəticəsini də Ərdoğanın qələbəsi kimi dəyərləndirmək olar. Türk xalqının Ərdoğana olan münasibəti, onun bu müddət ərzində göstərdiyi fəaliyyət, əldə etdiyi uğurlar, Türkiyənin dünya dövlətləri arasında nüfuzunu təhlil etsək, bu həqiqətən də yüksək qiymətləndirilməlidir. Amma təbii ki, Türkiyənin dünya dövlətləri arasında söz sahibinə çevrilməsi onu istəməyən qüvvələri narahat etməyə bilməz”.
Deputat sözlərinə davam edərək bildirib ki, hər bir halda türk milləti 28 may tarixində keçiriləcək seçkilərdə də öz sözünü deyəcək: “Biz inanırıq ki, Rəcəb Tayyib Ərdoğan yüksək səs çoxluğu ilə yenidən prezident seçiləcək. Türkiyə ilə Azərbaycan qardaş ölkədir. Türkiyənin istər 44 günlük müharibədə, istər ondan öncə, istərsə də sonra daim Azərbaycana siyasi və mənəvi dəstək verməsi hər birimizin gözü önündə baş verib. Azərbaycanla Türkiyə arasında münasibətin bu cür yüksək səviyyəyə çatmasında təbii ki, qardaş dövlətin rəhbərliyinin özünəməxsus rolu var. Bizim də bir azərbaycanlı olaraq arzumuz odur ki, bu seçki yüksək demokratik səviyyədə öz həllini tapacaq və Ərdoğan Türkiyə Respublikasının prezidenti seçiləcək. Gedişat da, verilən proqnozlar da bunu göstərir. Biz də ümidlə bu nəticəni gözləyirik”.
Bütün xəbərlər Facebook səhifəmizdə