"Rusiya Qərb tərəfindən salındığı tordan çıxa bilməyəcək" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRİB

"Heç kimə sirr deyil ki, yaxın günlərdə Rusiya və Ukrayna arasında gedən müharibə daha sərt və geniş miqyas ala bilər. Çünki neçə aydır ki, Ukrayna tərəfi Rusiyaya qarşı əks-hücum həyata keçirmək üçün ciddi cəhdlə çalışır. Lakin Ukrayna bu məsələdə yalnız hərəkət etmir. Onun yanında ABŞ başda olmaqla, digər NATO dövlətləri var". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elçin Abdullayev deyib.

O bildirib ki, hətta Ukrayna hərbi silahlı qüvvələri NATO-nun hərbi texnikaları ilə təchiz olunub: "Eyni zamanda nəzərə alsaq ki, döyüş taktikasının hazırlanmasında da NATO generalları Ukrayna hərbçilərinə öz məsləhətlərini verir, Rusiyanı qarşıdakı yaxın həftələrdə ciddi sınaq gözləyir. Düşünürəm ki, Rusiya Qərb tərəfindən salındığı tordan çıxa bilməyəcək. Proseslərin gedişatı bunu göstərir. Hər ötən saniyə Rusiyanın əleyhinə işləyir. Doğrudur, Ukraynanın da itkiləri az deyil, amma bu bir müddətlikdir".

Politoloq sözlərinə davam edərək bildirib ki, artıq gedişat Rusiyanın əleyhinədir: "Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibənin bu qədər uzanması və Kremlin ciddi nailiyyətlər əldə etməməsi Putin hakimiyyətinə qarşı inamsızlıq yaradıb. Rusiya onu qarşıda gözləyən qanlı günləri gördüyü üçün son zamanlar daha da aqressivləşib. Rusiya özünü sığortalamaq üçün Ukrayna ərazisində olan bütün hərbi obyektləri hədəf alıb və daha çox raket zərbələri endirməyə başlayıb.

Müharibənin nə zaman bitəcəyindən asılı olmayaraq düşünürəm ki, Putin iqtidarı ciddi zərbə alacaq. Böyük ehtimalla Qərb tərəfi Ukraynanı Rusiya qarşısında mütləq ki qalib edəcək. Amma bu müharibədir və sonda hər şey ola bilər".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə