"Azərbaycan təşkilatlara qarşı nəzarəti gücləndirməlidir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Azərbaycan həmişə Avropaya inteqrasiya prosesinə müsbət baxıb, demokratik dəyərlərə hörmət edib və beynəlxalq hüququn bütün prinsiplərinə əməl etməyə çalışıb. Azərbaycan beynəlxalq təşkilatlarla əməkdaşlığa üstünlük verməkdədir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Naqif Həmzəyev deyib.

Onun sözlərinə görə, bugünkü gündə də bu əməkdaşlığın müsbət nəticələri kifayət qədərdir: “Amma təəssüflər olsun ki, bəzi beynəlxalq təşkilatlar, fondlar öz fəaliyyətlərində nəzərdə tutulan məqsədlərə yox, tamamilə fərqli prinsiplərə əməl edirlər. Həmin ölkələrdə demokratiya adı altında insanların ideoloji fikirlərinin dəyişməsinə səbəb olmağa çalışılır. Bunlara misal olaraq ABŞ-a bağlı olan USAİD, “Soros” Fondu və başqalarının adını çəkmək olar”.

Deputat sözlərinə davam edərək bildirib ki, bunlar faktiki olaraq verdikləri qrant nəticəsində insanlar arasında tamamilə fərqli dəyərləri təbliğ edirlər: “Azərbaycan tərəfi qərəzli fəaliyyət göstərən və vətəndaş cəmiyyətinin pozulmasına, fərqli dəyərlərin təbliğinə xidmət etməsinə bu cür fondlara nəzarəti gücləndirməlidir. Azərbaycan dövlətinə, milli kimliyinə, genofonduna zərər verəcək hər hansı bir ideologiyanı cəmiyyətimizdən kənarda tutmalıyıq. Onlar cinsi azlıqlar, qadın hüquqları və ya bərabərhüquqluluğun təbliği adı altında Azərbaycanın milli dəyərlərini, stabilliyi pozmaq istəyirlər. Faktiki olaraq bu təşkilatların hədəfi uzaq zamanda öz niyyətlərini yerinə yetirə biləcək ordu yetişdirməkdir. Ancaq biz Azərbaycan dövləti olaraq QHT-lərə, ictimai təşkilatlara dəstək olmalıyıq. Onların bu cür zərərli istəkləri olan beynəlxalq təşkilatlardan asılılığını azaltmalıyıq. Düşünürəm ki, bu məsələdə xüsusi xidmət orqanları öz fəaliyyətlərini daha da gücləndirməlidir”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə