"Hər hansı bir tərəfin qalib gəlmək imkanı yoxdur" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Ümumiyyətlə, Rusiya-Ukrayna müharibəsi geopolitik bir qarşıdurmadır. Nə Rusiya, nə də Ukrayna tərəfi mövqe döyüşləri aparır. Hər hansı bir tərəfin qalib gəlmək imkanı yoxdur. Bütün proseslər konkret olaraq Ukraynanın əks-hücum əməliyyatına başladığını göstərir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Volodimir Zelenski 2023-ün qələbə ili olacağını vurğulayır: “Düşünürəm ki, əgər Ukrayna bu əks-hücum əməliyyatlarına başlayarsa, iyun ayında müharibədə bir dönüş yarana bilər. Nəticədə Rusiya daha ağır itkilər verə və geniş ərazilər itirə bilər. Müharibədə tam şəkildə qalib gəlmək üçün ilk növbədə Ukraynaya xeyli silah-sursat, artilleriya və qırıcı vasitələri, raketlər, yüksək döyüş qabiliyyətli briqadalar lazımdır. Əgər Qərb tərəfi Ukraynanın bu ehtiyaclarını ödəyərsə, onun qalib gəlmək şansı daha yüksəkdir. Amma Rusiya heç də göründüyü kimi komplektləşmir. Onun mövqeləri daha da zəifləyir və ordunun döyüş qabiliyyəti aşağı düşür. Təbii ki, hər şey Ukraynanın xeyrinə sonlana bilər. Bununla belə yenə də bu il ərzində sülh müqaviləsinin bağlanacağını və ya ümumilikdə müharibənin bitəcəyini hesab etmirəm”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə