"Rusiya Qərbin oyununa gəldiyini dərk edib" - POLİTOLOQ ŞƏRH ETDİ

“Artıq Rusiyanın Ukraynaya hərbi təcavüzünün 1 ili tamam olub. Çox təəssüf ki, ötən 1 il ərzində Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin qarşısını almaq və müharibənin qısa müddət ərzində başa çatması üçün beynəlxalq güclər tərəfindən kifayət qədər təsirli dəstək nümayiş olunmadı”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Anar Əliyev deyib.

Onun sözlərinə görə, bu müddətdə Ukraynaya edilən yardım eyni zamanda, işğalçıya qarşı tətbiq olunan sanksiyalar göstərdi ki, böyük güclərin hədəfi müharibənin sürətli şəkildə ədalətli yekunlaşması deyil, mümkün qədər Rusiyanın Ukraynada apardığı müharibənin uzadılmasına xidmət edir: “Bununla da Rusiyanın Ukraynada hərbi müdaxiləsinin əvvəlcədən beynəlxalq güclər tərəfindən planlaşdırıldığı haqda fikirlər öz təsdiqini tapmış oldu. Hesab edirəm ki, Rusiya kifayət qədər yanlış addım atdığını, Qərbin tələsinə düşdüyünü dərk etməkdədir”.

Politoloq sözlərinə davam edərək bildirib ki, Ukraynaya müdaxilə ilə özünün beynəlxalq imicinə, dünya siyasətinə təsir imkanlarına böyük zərbə vurduğunu qəbul edib: “Hərbi və iqtisadi potensialının kifayət qədər zəiflədiyini də dərk edib. Buna görə də bütün mümkün variantlardan istifadə etməklə maksimum nəticələrlə müharibəni yekunlaşdırmağa çalışır. Rusiyadan fərqli olaraq Ukrayna təcavüzə məruz qalan tərəf kimi işğal altında olan torpaqlarının azad olunmasına qədər müharibəni davam etdirmək iddiasında və iradəsindədir. Amma təəssüf ki, beynəlxalq situasiya Rusiyanı heç də tam olaraq zəiflədib diz çökdürməyi və Ukrayna ərazisindən çıxmağı şərtləndirmir”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə