Avropa Parlamenti nə istəyir? - DEPUTAT AÇIQLADI

"Avropa Parlamentinin Azərbaycan əleyhinə qətnamə qəbul etməsi ikili standartların, qərəzli yanaşmasının növbəti təzahürüdür. Bu addım bu gün özünü demokratiyanın beşiyi hesab edən Avropanın öz dəyərlərinə növbəti xəyanətidir". Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

Deputat bu qətnaməni qəbul edənlərə belə bir sual ünvanlayıb: "Bu gün mənim rayonum, kəndim, evim, yaxınlarımın qəbirləri barbarcasına dağıdılıb. Bu gün mən böyüyüb-başa çatdığım evimi tapa bilmirəm. Mənim babamın, nənəmin qəbiri dağıdılıb, sümükləri çıxarılıb. Bununla ermənilərin ürəyi soyumayıb, bu qəbirləri və sümükləri təhqir ediblər. Siz təsəvvür edirsinizmi bu nə deməkdir?

Eyni zamanda, bizim ibadət yerlərimiz, 67 məscidimiz barbarcasına dağıdılıb, içərisində donuz və inək saxlanılıb. Bütün bunlar məqsədli edilib".

O bildirib ki, Vətən müharibəsində qələbədən sonra da ermənilər torpaqlarımızda mina basdırmağa, davamlı olaraq atəşkəsi pozmağa davam etdilər: "Bəs 30 ilə yaxın müddətdə Avropa Parlamenti harada idi? Niyə bütün bunlara heç bir reaksiya verilmədi? Yoxsa bunları görmək və eşitmək istəmirlər?

Niyə o vaxt Ermənistan əleyhinə qətnamə qəbul etmədilər? Niyə Ermənistandan tələb etmədilər Azərbaycan torpaqlarını boşaltmağı? Bəlkə bütün bunlar müsəlman olduğumuza görədir? Bəlkə Avropa bəşəriyyət tarixinin ən qanlı səhifələrindən biri olan “səlib yürüşləri”ni davam etdirmək niyyətindədir? Bu nə siyasət və yanaşmadır?

Bu kimi addımlar və cəhdlər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanı haqq yolundan döndərə bilməz. Biz haqlı olduğumuzu dəqiq bilirik".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə