"AP Azərbaycanın qələbəsini siyasi qısqanclıqla qəbul edir" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Avropa Parlamentinin qəbul etdiyi qərarların heç bir hüquqi əsası yoxdur. Amma bütün hallarda Avropa Parlamentinin atdığı və bundan sonra atacağı addımlar birmənalı şəkildə Azərbaycana qarşı qərəzlə doludur. Bu parlamentdə olanlar daha çox Azərbaycan əleyhinə işləyənlərdir. Bir növ Fransada lobbiçiliklə məşğul olan ermənilər belə ucuz yollara əl atırlar”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Onun sözlərinə görə, onlar yenidən böyük Ermənistan eşqinə düşüblər: “Təəssüf ki, özünə hörmət etməyən amma demokratiyanın qoruyucusu, dünyanın keşikçisi kimi özünü təqdim edən qoca Avropa elə ermənilər kimi fəaliyyətdədir. Bu tarixi peşələrindən Avropa siyasi cəhətdən əl çəkə bilmir. Görünür ki, onların qəbul edəcəyi qərarda bir növ Azərbaycanı ittiham etmək və erməniləri reinkarnasiya etməyə çalışan fikirlər var. Ermənilər və onu dəstəkləyən qüvvələr 2020-ci ildə Azərbaycanın qazanmış olduğu qələbəni siyasi qısqanclıqla qəbul edirlər”.

Politoloq sözlərinə davam edərək bildirib ki, mənəvi cəhətdən Azərbaycan yalnız Ermənistanı deyil, yüz illərdir ermənilərin havadarlarını da məğlub etmiş oldu: “Azərbaycan onların müqavimət ruhunu qırdı. Onlar da bunu heç cür qəbul edə bilmirlər. Ona görə də bu məsələləri gündəmə gətirirlər. Avropa Parlamentinin belə bir addım atmasının başqa bir səbəbi də var. Bildiyiniz kimi, Avropanın hazırki prezident statusunda olan Şarl Mişel Fransa Prezidenti Emmanuel Makronu ciddi siyasətçi qəbul etmir. Onlar arasında ciddi qarşıdurma var. Makron Avropa Parlamentini hörmətdən salmaq üçün lobbiçilik fəaliyyəti ilə Brüssel, Bakı və İrəvan formatını Paris, İrəvan və Bakı formatı etmək istəyir. Vaşinqtonla Moskvanı da oyundan kənar saxlamaq istəyir. Amma bu çox çətindir.

Biz müsəlman dövləti kimi hər zaman erməniləri sahiblənmişik. Onlar da həmişə farslar kimi bizi arxadan vurub. Son 105 ildə ermənilər Azərbaycana qarşı xəyanətlə məşğul olublar. Görünən odur ki, biz həddən artıq humanistik. Avropada son min ildə xristian-müsəlman qarşıdurması var. Müsəlmanları heç cür qəbul etmək istəmirlər. Ona görə də katolik və provaslav ölkələri müsəlman ölkərinə qarşı çıxırlar. Bütün bunların fonunda Ermənistanı dəstəkləyən qüvvələrdən bundan başqa addımlar gözləyə bilmərik”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə