"Müharibə yalnız Rusiya və Ukrayna arasında getmir" - POLİTOLOQ ŞƏRH ETDİ

"Təbii ki, hazırda Rusiya-Ukrayna müharibəsində kimin qalib və ya məğlub olacağını demək doğru olmaz. Çünki hər iki tərəfin xalqı və iqtisadiyyatı böyük zərər görüb. Hesab edirəm ki, burada bir qalib var ki, o da bu müharibənin olmasını istəyən və dəstəkləyənlərdir. Onlar Ukraynanı önə ataraq Rusiyanı müəyyən mənada zəiflətmək istəyirdilər. Bu da baş tutdu”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Ramiz Alıyev deyib.

Onun sözlərinə görə, nə Ukraynanı, nə də Rusiyanı indi və ya bundan bir neçə il sonra qalib dövlət kimi qəbul edə bilmərik. Nə Rusiya, nə də Ukrayna gözlədikləri nəticəni əldə edə bilmədi. Amma Rusiya müharibəyə başlayanda 3-5 günə yekunlaşdıracağını və istəyinə nail olacağını düşünürdü. Qərbin və Amerikanın dəstəyi nəticəsində Ukrayna dirəniş göstərdi”.

Politoloq sözlərinə davam edərək bildirib ki, Ukraynada kifayət qədər dinc əhali həlak oldu: “Müharibə eyni zamanda, Rusiya iqtisadiyyatına da mənfi təsir göstərdi. Çünki Rusiya Ukrayna ilə hərbi, Qərb ölkələri ilə iqtisadi müharibə apardı. Bu müharibə hər iki dövlətə uzun illər öz təsirini göstərəcək. Xalqlar arasında düşmənçiliyin yaranması prosesi də gedir. Bu müharibəni dəstəkləyənləri tarix heç vaxt bağışlamayacaq. Gələcək nəsillər onları qınaq obyektinə çevirəcək. Çünki Rusiyanı zəiflətmək adı ilə Ukraynanı ortaya atıb qırğına səbəb olanlar öz ölkələrində bu cür qırğınlara heç vaxt razı olmazdılar. Bütün bunlar onu göstərir ki, hər hansı bir addım atanda öz millətini düşünməlisən. 2023-cü ildə Rusiya və Ukrayna arasındakı müharibənin bitməsini təsəvvür etmək çox gözəl olardı. Arzulayırıq ki, müharibə elə günü sabah bitsin. Əminəm ki, Rusiya və Ukrayna xalqı da müharibənin sonlanmasını istəyir. Təəssüf ki, bu məsələlər arzularla həll olmur. Bu müharibə heç Rusiya və Ukraynanın istədiyi vaxtda da bitməyəcək. Çünki müharibə sadəcə bu iki dövlət arasında getmir. Müharibəni başladanlar və dəstəkləyənlər nə zaman istəsələr, onda müharibə başa çata bilər”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə