"Müharibənin gələcəyi sual altındadır" - POLİTOLOQ ŞƏRH ETDİ

"Ukrayna və Rusiya arasında davam edən müharibənin miqyası və əhatə dairəsi olduqca böyükdür. Ona görə də düşünürəm ki, məlum durumda heç bir ehtimal irəli sürmək mümkün deyil. Ən azından ona görə ki, tərəflərin heç biri kompromisə getməyə meyilli deyil. Hər iki tərəf öz prinsipiallığını davam etdirir və bu səbəbdən də gedişat, gələcək sual altındadır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşən Musayev deyib.

Onun sözlərinə görə, bu müharibədə itkilər çox böyükdür və bu qədər itkinin fonunda qalib və məğlub axtarmaq nə qədər doğru, ya da məntiqlidir onu bilmirəm: "Həmin müharibədə minlərlə insan həyatını itirdi, dağıntılar oldu, böyük həcmdə infrastruktur zədələndi, məhv edildi. Belə durumda qalib olacaqmı? Kimisə qalib adlandırmaq çox çətin olacaq.

Hesab edirəm ki, beynəxalq təşkilatlar çoxdan hərəkətə keçməli və müharibəni dayandırmalı idilər. Amma onlar susqun qaldılar, sakit dayandılar".

Politoloq sözlərinə davam edərək bildirib ki, BMT, Avropa Şurası, Avropa İttifaqı təcili şəkildə Rusiya və Ukrayna ilə danışıqlara getməli idilər: "Fəqət, getmədilər. Gedə bilərdilərmi? Əlbətt, gedə bilərdilər. Müharibəni dayandırmaq onların imkanları daxilində idi. Amma müdaxilə olmadı. Oldusa da tərs qütbdən oldu. Bax, ona görə vəziyyət bu yerə qədər gəlib çıxıb.

Təbii, şəxsi arzum budur ki, həmin müharibə tezliklə bitsin və bölgədə sülh olsun. Amma çox təəssüf, belə mövzular arzu, ehtimal, proqnoz ilə öz həllini tapmır. Böyük güclər təcili hərəkətə keçməli, müharibəni dayandırmalıdır. Başqa yol yoxdur".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə