"ABŞ Cənubi Qafqaza diqqət göstərir" - DEPUTAT ŞƏRH ETDİ

“Azərbaycan aktiv şəkildə xarici siyasət aparır. Bu siyasət müxtəlif istiqamətləri, o cümlədən müxtəlif ölkələri və regionları əhatə edir. Cənab Prezidentin son zamanlar səfərlərinin intensivliyinə nəzər yetirsək, müxtəlif beynəlxalq platformalarda çıxışlarını izləsək, apardığı aktiv xarici siyasətin şahidi olarıq”. Bu sözləri SİA-ya açıqlamasında deputat Şahin İsmayılov deyib.

Onun sözlərinə görə, təbii ki, bu səfərlər qarşılıqlı olur: “Bu qəbildən də bu gün Amerika Birləşmiş Ştatlarının nümayəndəsinin ölkəmizdə səfərdə olması düşünürəm ki, iki ölkə arasındakı əlaqələrin intensiv xarakter almasının göstəricisidir. Artıq ötən dövrlərdə bir sıra diplomatik kanallar vasitəsilə görüşlər keçirilib. Bu gün də bu səfər təşkil olunub. ABŞ Cənubi Qafqaza diqqət göstərir. Burada bir sıra layihələrdə bu və ya digər formada iştirak edir”.

Deputat sözlərinə davam edərək bildirib ki, ABŞ dünyanın güc mərkəzlərindən biridir: “Qeyd etmək istəyirəm ki, dünən də xüsusi bir hal baş verdi. ABŞ-dan Cənubi Qafqaz üzrə xüsusi nümayəndə təyin olunmuşdu. Bu xüsusi nümayəndənin təyin olunması ATƏT-in Minsk Qrupunun artıq fəaliyyət göstərməməsinin, ləğv olunmasının göstəricisidir. ABŞ Cənubi Qafqazda sülh proseslərinin təmin olunmasına, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasında da aktiv rol oynamağa çalışır. Bütövlükdə regionun stabilləşməsində bir güc mərkəzi kimi çıxış edir. Azərbaycan artıq bir neçə dəfə qeyd edib ki, regionda sülhün təmin olunması prosesinə sadiqdir. Ermənistan tərəfi isə proseslərə laqeyd yanaşır. Amma bu məsələnin nəticəsi mütləq ki bizim xeyrimizə olacaqdır. Ermənistan nə qədər tez bir zamanda sülhə razı olsa, vəziyyət bir o qədər onun üçün yaxşı olacaq”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə