"Tarixi ədalətin bərpası üçün əlimizdən gələni edəcəyik" - DEPUTAT ŞƏRH ETDİ

"Hər birimizə məlumdur ki, Qərbi Azərbaycan böyük Azərbaycan torpaqlarının tarixi tərkib hissəsidir. Bu torpaqlar tarixi ədalətsizlik nəticəsində hal-hazırda ana vətənindən ayrı qalmışdır. Həmin torpaqların Azərbaycana məxsus olduğunu əks etdirən, təsdiq edən kifayət qədər tarixi məqamlar, sənədlər var". Bu sözləri SİA-ya açıqlamasında deputat Şahin İsmayılov deyib.

Onun sözlərinə görə, həmin ərazilərdə əslər boyu yaşayan Qərbi Azərbaycanlılar da bu tarixi faktın bir hissəsidir: "Artıq Vətən müharibəsindən sonra bölgəmizdə yeni reallıqlar yarandı. Bu müharibədəki qələbə Azərbaycanın gücünü dünya miqyasında təsdiq edən bir faktor oldu. Eyni zamanda, II Vətən müharibəsi tarixi ədalətin bərpası istiqamətində də xüsusi rola malik oldu".

Deputat sözlərinə davam edərək bildirib ki, artıq bölgədə yeni çağırışlar var: "Çox uzun müddətdir öz doğma torpaqlarının həsrətini çəkən Qərbi Azərbaycanlılar da yeni reallıqlara uyğun olaraq o yerlərə qayıtmaq arzusundadırlar. Bunun üçün də kifayət qədər ciddi addımlar atılıb. Qərbi Azərbaycan İcmasının açılışının, eyni zamanda cənab Prezidentin öz doğum günündə orada iştirakının təşkilatlanma baxımından nə qədər əhəmiyyətli olduğunu bütün Azərbaycan xalqı başa düşdü. İcmanın qarşısında yeni çağırışlar mövcuddur. Bu çağırışlardan biri də tarixi həqiqətlərimizin dünya miqyasında tanıdılmasıdır. Bildiyiniz kimi, Qərbi Azərbaycana qayıdışla bağlı konsepsiya qəbul olundu. Tarixi reallıqların dünya ictimaiyyətinə çatdırılması da konsepsiyanın tərkib hissələrindən biri idi. Düşünürəm ki, Qərbi Azərbaycan İcması bu məsələnin ən qısa müddətdə həyata keçirilməsi üçün artıq bütün dünyaya məlum olan taktikalardan istifadə edəcək. Qəlbi Qərbi Azərbaycanla döyünən bütün həmvətənlərimiz də tarixi ədalətin bərpası üçün əlindən gələni əsirgəməyəcək".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə