"İranın addımları münasibətlərdə gərginlik yaradır" - DEPUTAT AÇIQLAMA VERDİ

“İran Azərbaycana qarşı münasibətdə qeyri-sağlam mövqelərdən çıxış edir. Biz bunu həmişə müşahidə etmişik. İranın addımları həmişə bu iki ölkə arasındakı münasibətlərdə gərginlik elementləri formalaşdırıb. Bildiyiniz kimi, Ermənistan Azərbaycan torpaqlarını işğal etdikdə və uzun illər işğal altında saxladıqda İran olduqca passiv mövqe nümayiş etdirdi”. Bu sözləri SİA-ya açıqlamasında deputat Elşad Mirbəşiroğlu deyib.

Onun sözlərinə görə, İran bunu pisləməsə belə, əgər səssiz qalıb kənardan tamaşaçı mövqeyindən çıxış edirsə bu elə təcavüzkarın, işğalçının yanında olduğunu göstərir: “Nə birinci, nə də ikinci Qarabağ müharibəsi dövründə İran Azərbaycanın haqlı mövqeyini dəstəkləmədi. Əksinə, İkinci Qarabağ müharibəsində bizim öz torpaqlarımızı işğaldan azad etməyimiz İranda çox ciddi narahatlıq yaradırdır. Bu da heç cür başadüşülən deyil. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İran-Azərbaycan sərhədini dostluq sərhədi adlandırıb. Yəni, Azərbaycan hər zaman qonşu ölkələrlə münasibətlərin inkişaf etdirilməsinin tərəfdarı olub”.

Deputat sözlərinə davam edərək bildirib ki, Azərbaycan Prezidenti regionda yeni əməkdaşlıq platforması təşəbbüsü ilə çıxış edib: “Bütün bunlara rəğmən İran qeyd etdi ki, Ermənistanın təhlükəsizliyi onun təhlükəsizliyidir. Biz öz torpaqlarımızı işğaldan azad etdikdən sonra İran Azərbaycanla sərhədi yaxınlığında təlimlər keçirməyə başladı. Təbii ki, bu dostluq, müsəlman ölkə münasibəti deyildi. Hesab edirəm ki, İranla Azərbaycan münasibətlərində gərginlik ciddi olaraq qalmaqdadır. Tehrandakı səfirliyimizə xain hücumdan sonra isə münasibətlərdə artıq qırılma nöqtəsi meydana gəldi. Çünki Tehran Azərbaycan səfirliyinin təhlükəsizliyini tələb olunan səviyyədə təmin etməyib. Azərbaycan səfirliyinə qarşı terror aktının həyata keçiriləcəyi aşkar olmasına baxmayaraq İran təhlükəsizlik orqanları heç bir qabaqlayıcı addım atmayıb. Ona görə də Azərbaycan cəmiyyətində çox ciddi şübhələr meydana gəldi. Bu terror hadisəsinin necə araşdırılacağı, hansı mövqedən yanaşılacağı İranla Azərbaycan münasibətlərinin bundan sonrakı taleyini həll edəcək”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə