"Biz gec-tez İkinci Böyük Qayıdışın da şahidi olacağıq" - SORĞU

Dekabrın 24-də dövlətimizin başçısı dünya azərbaycanlılarının sevimli Prezidenti cənab İlham Əliyev yenə də adəti üzrə ad günündə bu xalqın nümayəndələri ilə bir yerdə oldu. Ad gününü Qərbi Azərbaycana həsr edən Prezident cənab İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış oldu və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşdü, tarixi faktlara söykənən çoxmənalı və tarixə yazılacaq çıxış etdi. İnzibati binada çıxışı zamanı cənab Prezident İlham Əliyev dedi: “Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb”. Bəs görək Milli Məclisin deputatları Prezidentin Qərbi Azərbaycana qayıdışla bağlı fikirlərini necə dəyərləndirir? SİA mövzu ilə bağlı deputatlar arasında sorğu keçirib.

Milli Məclisin deputatı Fəzail Ağamalı: “2022-ci il dekabrın 24-də cənab Prezidentin Qərbi Azərbaycan İcmasının bir qrup ziyalısı ilə görüşdə mən də iştirak etmişdim. Hələ də o görüşün təsiri altındayam. 44 günlük Zəfər müharibəsi ilə ciddi bir missiyanın başlanğıcını qoyan Prezidentimiz bununla bağlı lazım olduqca dövlətimizin qarşısında duran vəzifələrin anonsunu verir və Azərbaycan xalqını bu istiqamətdə səfərbərliyə alır. Bu baxımdan keçirilən görüşdə cənab Prezident tarixi və hüquqi qaynaqlara söykənərək Qərbi Azərbaycanın bizim tarixi torpaqlarımız olduğunu bir daha dilə gətirdi. Bu dəfə daha konkret faktlarla bunu əsaslandırdı. Eyni zamanda, zamanın qarşıya qoyduğu mühüm vəzifə kimi həmin torpaqlara qayıdışımızın zərurətə çevrildiyini xüsusi vurğuladı. Nəzərə almalıyıq ki, Prezident İlham Əliyev indiyə qədər önə çəkmiş olduğu məsələləri hər zaman reallaşdırmağı bacarıb. Yəni, onun sözü ilə əməli bir-birini tamamlayır və bu nadir keyfiyyət Prezidentimizə həm ölkə daxilində, həm də ölkə xaricində olduqca böyük nüfuz qazandırır. Öz doğum günündə tarixi torpaqlarımıza qayıdışla bağlı etdiyi çağırış çox böyük tarixi əhəmiyyət kəsb edir. Bu görüşdən sonra onun vermiş olduğu tapşırıqlarla bağlı ümumi olaraq Qərbi Azərbaycan İcması ciddi və fəal şəkildə işə başlayıb. Bununla əlaqədar ayrı-ayrı qurumlar yaradılır, görüşlər keçirilir. Başlamış olan bu proses şübhəsiz ki, davamlı şəkildə irəliləyəcək və bizim tarixi torpaqlarımıza qayıdışımızı təmin edəcəkdir. Unutmamalıyıq ki, bu, unikal bir tarixi şansdır. Bizi 200 il tarixi torpaqlarımızdan didərgin salan, soyqırımlara məruz qoyan erməni vandallarından Azərbaycan xalqının intiqamını tarixin özü alır. Bu tarixin məntiqinə söykənərək, məhz yaxın gələcəkdə doğma yurdlarımıza qayıdacaq və ulularımızın ruhunu şad edəcəyimizə inanıram. 30 il zaman kəsiyində erməni işğalı altında olan Qarabağ və Şərqi Zəngəzur məsələsində olduğu kimi, Qərbi Azərbaycana qayıdış məsələsində də bütün xalq bir yerdə olmalı, milli həmrəylik nümayiş etdirməli tarixi borcumuzu yerinə yetirməliyik”.

Milli Məclisin deputatı Naqif Həmzəyev: "Ötən il dekabrın 24-də cənab Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının nümayəndələri ilə görüşündə səsləndirdiyi fikirlər və Qərbi Azərbaycana qayıdış konsepsiyasının hazırlanması onu deməyə imkan verir ki, biz yaxın gələcəkdə öz dədə-baba torpaqlarımıza qayıdaq. Bu konsepsiya, ilk növbədə, sülh və beynəlxalq hüquq çərçivəsində həyata keçirilməlidir. Bu baxımdan, biz gec-tez İkinci Böyük Qayıdışın da şahidi ola biləcəyik. Keçmiş məcburi köçkünlərimiz öz yurdlarına qayıtdıqdan sonra, bəlkə buna paralel olaraq Qərbi Azərbaycandan olan qaçqınların da öz torpaqlarına qayıtmasını da müşahidə edəcəyik. Bu, müxtəlif formalarda həyata keçirilə bilər. Ancaq istənilən halda Qərbi Azərbaycanlıların tam haqqıdır ki, öz yurd-yuvalarına qayıtsınlar. Ümid edirəm ki, o günləri görmək bizə nəsib olacaqdır. Əgər cənab Prezident bu layihəni yerləşdirmək istəyirsə, deməli, bu, baş tutacaq. Çünki İlham Əliyev Prezident seçildiyi gündən bu günədək verdiyi bütün vədləri reallaşdırıb. Azərbaycan xalqı ona inanır. Yalnız Qərbi Azərbaycanlıları deyil, bütün azərbaycanlıları bu konsepsiyanın hazırlanması və həyata keçirilməsi ilə bağlı həmrəy olmağa çağırıram. Belə olacağı təqdirdə, Qarabağa və Şərqi Zəngəzura qayıtdığımız kimi, bütün tarixi torpaqlarımıza qayıdacağıq".

Milli Məclisin deputatı Sahib Alıyev: “Müzəffər Ali Baş Komandanımızın Qərbi Azərbaycana qayıdışla bağlı tarixi çıxışı bütün soydaşlarımız, ilk növbədə də, kökü o torpaqlara bağlı olan biri kimi, təbii ki, mənim də içimi titrətdi. Fikrimcə, Qərbi Azərbaycana qayıdış məsələsi təkcə kökü oradan olanların yurd yerlərinə qovuşması demək deyil. Bu, indiki dönəmdə millətin toparlanması, bütün çağırışlara hazır vəziyyətdə olması üçün ideoloji platformadır.

Artıq bu məsələ parlament diplomatiyası çərçivəsində beynəlxalq müstəviyə də çıxarılıb. Milli Məclisin sədri Sahibə Qafarovanın Asiya Parlament Assambleyasının 13-cü plenar sessiyasında Qərbi Azərbaycandan danışması, İrəvanın Ermənistana verilməsi, Zəngəzurun qanunsuz olaraq ölkəmizdən qoparılması, soydaşlarımızın deportasiyası faktlarına toxunması o deməkdir ki, Prezident İlham Əliyevin ötən il dekabrın 24-dəki tapşırıqları reallaşdırılır. Qərbi Azərbaycan məsələsi beynəlxalq platformalarda qaldırılır, oradan qaçqın düşən azərbaycanlıların öz yurd yerlərinə dönmələri üçün hüquqi baza formalaşdırılır.

Bir sözlə, kökləri Qərbi Azərbaycandan olanların geri dönmələrinə Müzəffər Ali Baş Komandanımızın vurğuladığı kimi elə də çox qalmayıb və Vətənə dönüş hüquqlarını (right to homeland) heç kim onların əllərindən almayıb, ala da bilməz”.

Milli Məclisin deputatı Ramil Həsən: “İnancımız o istiqamətdədir ki, cənab Prezidentin də vermiş olduğu vaxta uyğun olaraq bütün proseslər Azərbaycanın xeyrinə işləməkdədir. Prezidentin də qeyd etdiyi kimi, Azərbaycan utopik xülyalar içərisində deyil, reallığa əsaslanan bir siyasət yürüdür. Qərbi Azərbaycana qayıdış hər bir azərbaycanlının qəlbində taxt qurmuş bir düşüncədir. Düşünürəm ki, İlham Əliyevin mesajından sonra biz hər birimiz Qərbi Azərbaycanlı olmalıyıq. Necə ki, Qarabağ savaşında torpaqlarımızın erməni tapdağından azad edilməsi ilə bağlı hər kəs “Qarabağ Azərbaycandır” deyib, fəxarətlə bu müharibəni yaşayıb, qələbə qazana bildiksə, əminəm ki, Ali Baş Komandanımızın başçılığı altında Qərbi Azərbaycana da qayıdacağıq. Haqq da, istiqamət də qərbə və qələbəyə doğrudur”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə