"Prezidentin BƏƏ-yə səfəri münasibətlərdə yeni ab-hava yaradacaq” - SİYASİ EKSPERT MÜNASİBƏT BİLDİRDİ

“Birləşmiş Ərəb Əmirlikləri İslam dünyasında Azərbaycanın ikitərəfli və çoxtərəfli əməkdaşlıq etdiyi azsaylı ölkələrdən biridir. BƏƏ Ermənistanın çox ciddi səylərinə baxmayaraq onun istədiyi səviyyədə sıx təmaslardan mümkün qədər yayınan müsəlman ölkəsidir. Bu nöqteyi-nəzərdən də BƏƏ Azərbaycan üçün əhəmiyyətli dövlətdir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi-ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, bu dövlətin Azərbaycanla əməkdaşlıq müstəvisində ortaya böyük nəticələr qoymaq imkanları var: “Bu imkanlar artıq reallaşmaqdadır. İki ölkə arasında xüsusilə ticarət, investisiya sahəsində əməkdaşlığın indiki səviyyəsi dinamikdir və gələcəyə yönəlmiş böyük perspektivlər vəd edir. Bu ölkənin bərpa olunan enerji sahəsində təcrübəsi və gücü nəzərə alınaraq Azərbaycanın da bərpa olunan enerji mənbələrinin hərəkətə gətirilməsində Ərəb Əmirliklərinin kapitalının iştirakı olduqca böyük uğurlara işarə edir”.

Ekspert sözlərinə davam edərək bildirib ki, Azərbaycan Prezidentinin BƏƏ-yə son səfəri, orada beynəlxalq konfransda iştirak etməsi və onun məruzəsinin diqqətə alınması bir daha sübut edir ki, bu iki ölkə arasında münasibətlərin gələcək perspektivi kənar dövlətlər tərəfindən də izlənir: “BƏƏ İslam Əməkdaşlıq Təşkilatının və Qoşulmama hərəkatının üzvü olan ölkələrdən biridir. Hər iki təşkilat çərçivəsində Azərbaycanın bu ölkəylə əməkdaşlığı qarşılıqlı anlaşma şəraitində davam edir. Bildiyimiz kimi, Azərbaycan ərəb və islam dünyasında müasir dünya düzəninin formalaşmasında təşəbbüskar mövqedə olan çox nadir ölkələrdən biridir. Müsbət mənada müəyyən müddəalarını açıq şəkildə ortaya qoyur və bu iddialar çərçivəsində meydana çıxan ideyalar artıq kənardan da diqqətlə izlənməkdədir.

BƏƏ kimi güclü müsəlman dövlətləri tərəfindən dəstəklənməsi Azərbaycanın gələcəkdə uğur ehtimalını xeyli artırır. Bugünkü gündə Azərbaycanla BƏƏ arasında yaxşılaşmaqda olan münasibətlər gələcəkdə yeni dünya düzəninin formalaşmasında da uğurlu nəticələr verməsinə imkan yaradır. Hazırda da işğaldan azad olunmuş ərazilərimizdə ərəb kapitalının iştirakı çox arzuolunandır. Bu baxımdan BƏƏ-nin də böyük potensial və imkanları var. Ona görə də Azərbaycan Prezidentinin oraya səfəri iki ölkə arasında münasibətlərdə yeni ab-hava yaradacaq”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə