Qərb ölkələri Ukrayna ilə həmrəy olduğunu bildirib

ABŞ, Kanada, Almaniya, İngiltərə, Fransa, İtaliya və Yaponiyadan ibarət G7 ölkələri yaydıqları birgə bəyanatla Ukraynaya dəstək vədlərini təsdiqləyiblər. SİA xarici mətbuata istinadən xəbər verir ki, Almaniyanın dönəmli sədri olduğu G7 ölkələrinin liderlərinin onlayn görüşündə qəbul edilən birgə bəyanatda "Biz Ukraynaya sarsılmaz dəstəyimizi bir daha təsdiqləyirik və Rusiyanın davam edən müharibəsi qarşısında Ukrayna ilə həmrəy olduğumuzu bildiririk" deyilir.

Bəyanatda Rusiyanın Ukraynadakı kritik infrastrukturlara “qeyri-insani və qəddar” hücumları pislənərək, onun mülki şəxslərə qarşı hərəkətlərinin müharibə cinayəti təşkil etdiyi xatırladılıb.

G7 ölkələri Rusiyadan müharibəni dərhal dayandırmağı və Ukrayna ərazisindən tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb ediblər.

Bəyannamədə Qara Dəniz Taxıl Dəhlizi Sazişinin uzadılmasından da məmnunluq ifadə olunub. Vurğulanıb ki, G7 ölkələrinin də əsas məqsədi sənayenin iqlimə uyğun yenidən qurulması olan İqlim Klubu yaradılıb. Bəyanatda İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatından Beynəlxalq Enerji Agentliyi ilə birlikdə İqlim Klubunun müvəqqəti katibliyinə ev sahibliyi etməsi xahiş olunur.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə