Ukraynadan təxliyə edilən tələbələrin təhsil problemi necə həll olunacaq? - EKSPERT AÇIQLADI

“Ukraynada təhsil alan tələbələrin ölkə universitetlərinə yerləşdirilməsi faktiki olaraq mümkün deyil. Çünki onların 95-96 faizi sırf öz hesabına attestatla qəbul olan tələbələr idi və belə olan halda da dövlət xətti ilə qəbul olunmadığı üçün onların ölkə universitetlərinə yerləşdirilməsi hələ ki, real görünmür”. Bu sözləri SİA-ya açıqlamasında təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi deyib.

Onun sözlərinə görə, ola bilər ki, Ukraynada yenidən həmin tələbələrin restavrasiyası, universitetlərin bərpası mümkün ola bilər və tələbələr geri qayıdar: “Əgər bunlar alınmasa, ondan sonra həmin tələbələrin ölkə universitetinə yerləşdirilməsi ilə bağlı müvafiq müzakirələr aparıla bilər. Ukrayna universitetlərinə dövlət xətti ilə qəbul olanlar da çox cüzi say təşkil edirdi. Onların yerləşdirilməsi mümkün ola bilər. Çünki həmin şəxslərin qəbulu dövlət tərəfindən aparılmışdır və yeri gəlmişkən onu da qeyd edim ki, bu problem təkcə Ukraynada təhsil alanlarla bağlı deyil. Artıq son 2-3 gündür ki, Rusiya universitetlərində təhsil alan tələbələrimizlə bağlı müvafiq problemlər yaranıb, yaşam şəraiti ilə bağlı bir neçə tələbə müraciət edib, hətta bildirdiklərinə görə Rusiyadakı səfirliyə də müraciət ediblər”.

Elçin Əfəndi sözlərinə belə davam edib: “Onlar ölkə universitetlərinə transfer olunmaq istəyirlər. Amma hal-hazırda bu da real deyil. Çünki transfer iyul ayında aparılacaq. Düşünürəm həmin tələbələrlə bağlı müvafiq olaraq dövlət tərəfindən bir dəstək olunmalıdır. Sırf attestatla qəbul olan tələbələrin gələcəkdə ölkə universitetinə xüsusilə də özəl universitetlərə yerləşdirilməsi mümkün ola bilər. Təbii ki, bununla bağlı Təhsil Nazirliyi tərəfindən müvafiq işlər aparılmalıdır. Amma təəssüflər olsun ki, hal-hazırda bu istiqamətdə müzakirə aparılmır və yaxud da hansısa bir iş görülmür”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə