Pandemiya uşaqların qidalanma vərdişlərinə necə təsir edib? - PEDİATR AYDINLIQ GƏTİRDİ

“Hər yaşdan və bütün ölkələrdən uşaqlar COVİD-19 pandemiyasının təsirlərinə müxtəlif formalarda məruz qalırlar”. Bu sözləri SİA-ya açıqlamasında mütəxəssis pediatr Yüksel Hüseynli deyib.

Həkim, pandemiyanın uşaqlara etdiyi təsirləri belə qeyd edib:
• Birbaşa virusla kontakt nəticəsində sağlamlıq problemləri yaşamaq.
• Pandemiyanın sosio-ekonomik təsirlərinə məruz qalmaq.
• Uzunmüddətli qapanmalar nəticəsində uşaqların fiziki aktivlik, qidalanma və sosial vərdişlərində yaranan nizamsızlıq.

Müəyyən olunmuşdur ki, qapanmalar depressiyaların artmağına təsir etmişdir. Fiziki aktivliyin azalması, yaşıdları ilə ünsiyyət qura bilməmək, fiziki və zehni inkişafı üçün vacib olan oyunların oynanılmaması uşaqların gələcək inkişafı üçün çox təhlükəlidir.

Eyni zamanda telefon və televizor qarşısında uzun müddət vaxt keçirmək qida rejiminin pozulmasına, diqqət əksikliyinə, nitq inkişafının pozulmasına, aqressiv davranışlara səbəb olur. Təəssüf ki, pandemiya dövründə bu kimi halların artması ölkəmizdə və bütün dünyada kəskin hal alıb. Davamlı evdə olan uşaqların günəş işığından uzaq qalması onların D vitamini kimi həyati vacib maddədən məhrum edib. Bu isə raxit kimi ağır bir xəstəliyin rastgəlmə tezliyini artırıb.

Valideynlərin üzərinə düşən əsas vəzifə evdə uşaqlarla çox vaxt keçirmək, yaşına uyğun müxtəlif oyunlar oynamaq, uşaqları telefon və televizordan uzaq tutmaq, günəşli havalarda mümkün qədər açıq havada olmaq, qida rejimlərini daim nəzarətdə saxlamaqdır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə