Koronavirusun yeni ştammı ilə bağlı narahatlığa ciddi əsas var - MÜNASİBƏT BİLDİRİLDİ

“Azərbaycan pandemiyaya qarşı mübarizə sahəsində effektiv tədbirlər həyata keçirib və bunu Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri də dəfələrlə vurğulayıblar. Bu gün ölkəmizdə xəstəliyi nəzarətdə saxlamağa imkan yaradan əsas amillərdən biri də məhz dövlət tərəfindən COVİD-19 virusuna qarşı mübarizə stretagiyasının düşünülmüş şəkildə həyata keçirilməsidir”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Soltan Məmmədov deyib.

Onun sözlərinə görə, “Omikron” ştammının yayılması bütün ölkələr kimi Azərbaycanı da narahat edir:“Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun “Omikron” ştammının təkrar yoluxma nisbətinin əvvəlki mutasiyalarla müqayisədə daha yüksək olduğunu açıqlayıb. Bu baxımdan, əhalinin ehtiyatlı və diqqətli olması son dərəcə vacibdir. Azərbaycanın Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB bu məsələ ilə bağlı birgə açıqlama yaymışdı. Hesab edirəm ki, koronavirusun yeni ştammı ilə bağlı narahatlığa ciddi əsas var. Doğrudur, bu ştammla bağlı hələ ki, tam aydın, dəqiq və konkret bilgilər yoxdur. Lakin yoluxuculuq qabiliyyətinin yüksək olması faktı məsələyə kifayət qədər həssas yanaşmağı tələb edir”.

Deputat həmçinin qeyd edib ki, xəstəliyin yayılmasının qarşısını almaq üçün karantin rejiminin tələblərinə riayət etmək vacibdir: “Fiziki məsafənin saxlanılması, şəxsi gigiyena qaydalarına riayət olunması, qoruyucu maskalardan istifadə ilə bağlı tövsiyə və təlimatlara əməl etməklə virusun daha sürətlə yayılmasının qarşısını almaq mümkündür. Eyni zamanda, şübhəsiz ki, COVİD-19 virusundan qorunmağın ən effektiv yolu vaksinasiyadır. Azərbaycan dövləti bu sahədə ötən müddətdə çox ciddi tədbirlər həyata keçirib. "COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi uğurla davam edir. Bu gün Azərbaycanda vurulan vaksinlərin ümumi sayı 10 milyon 700 mindən çox, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 milyondan çox, ikinci mərhələ üzrə 4 milyon 600 minə yaxın, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə bir milyondan çoxdur. Dəfələrlə qeyd etdiyimiz kimi, istənilən epidemioloji xəstəliklə mübarizənin müasir tibb elminə məlum olan ən effektiv yolu peyvəndlərin tətbiqidir”.

Soltan Məmmədov qeyd edib ki, dövlət tərəfindən həyata keçirilən tədbirlər Azərbaycanda epidemioloji vəziyyətin nəzarətdə saxlanılmasını təmin etməyə yönəlib. Lakin vətəndaşlar da bu məsələdə indiyə qədər olduğu kimi həmrəylik nümayiş etdirməli, müəyyən olunmuş qaydalara riayət etməklə dövlət orqanlarının fəaliyyətinə dəstək verməlidir.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...