Uşaqlarda yeni virus peydə olub? - XƏBƏRDARLIQ! - PEDİATR AÇIQLADI

"Hal-hazırda uşaqlarda yayılan rotavirus qastroenteriti hava-damcı üsulu ilə yayılır. Buna "bağırsaq qripi” də deyilir. Bu qripə ən çox bağçaya gedən uşaqlarda rast gəlirik. Uşaqlarda qusma, ishal, yüksək temperatur kimi simptomlarla özünü büruzə verir". Bu sözləri SİA-ya açıqlamasında həkim, pediatr Səidə Əhmədova deyib.

Onun sözlərinə görə, bu xəstəlik südəmər dövrdə daha çox təhlükəlidir: "Gün ərzində 1 neçə dəfə qusma və ishal davam edərsə, bədənin dehidratasiyası baş verir. Bu virus infeksiyasını keçirən uşaqlar su ilə yanaşı, elektrolitləri də itirir. Uşağın bu virusa yoluxmağının qarşısını almaq üçün şəxsi gigiyenaya fikir verilməli, uşaqlara verilən qidalar təmiz yuyulmalıdır".

Həkimin sözlərinə görə, rotavirus infeksiyasının profilaktikası üçün uşaqlara 2, 4, 6-cı aylarda peyvənd olunur: "Peyvənd tətbiq olunmuş uşaqlar virus infeksiyasına yoluxsa da, xəstəliyi yüngül keçirir. Bu virus infeksiyasının müalicəsində xüsusi virus əleyhinə preparat təyin olunmur və simptomlar aradan qaldırılır. Uşaq orqanizmində itirilən maye və elektrolitlər bərpa edilir".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə