Qan vermənin faydaları hansılardır? - MÜSAHİBƏ

“Qan insan orqanizminin ən vacib elementlərindən biridir. Qan həyat mənbəyidir. Qan olmadan heç bir bədən üzvü fəaliyyət göstərə bilməz. Qan müsbət və mənfi olmaqla 4 qrupa bölünür. Qan qruplarına əsasən orqanizm haqqında çox maraqlı məlumatlar öyrənmək mümkündür. Bunların içində ən geniş yayılanı 1-ci qrupdur. Dünya əhalisinin 40 faizi 1-ci, 33 faizi 2-ci, 21 faizi 3-cü, 5,6 faizi isə 4-cü qan qrupuna malikdirlər”. SİA bu fikirləri söyləyən həkim, infeksionist Xatirə Əliyevanın müsahibəsini təqdim edir:

- Hansı şəxslər qan verə bilər?

- 18 yaşına çatmış və 65 yaşa qədər hər bir şəxs qan verə bilər.

- Bəs, kimlər qan verə bilməz?

- Virus hepatiti B, C və immun çatışmazlığı olan xəstələr heç vaxt qan verə bilməz. 2-ci hemoqlobin dəyəri və çəkisi 50 kiloqramdan aşağı olan şəxslər, şəkərli diabeti olan xəstələr və hamilə qadınlar qan verə bilməz. Lakin bəzi xəstəliklər var ki, onlar sağaldıqda müəyyən bir müddət keçdikdən sonra qan verə bilərlər. Bunlara hepatit A-ya yoluxmuş xəstələr aiddir ki, onlar bir il keçdikdən sonra qan verə bilər. Malyariya keçirmiş xəstələr 3 ildən sonra, vərəm xəstələri isə sağaldıqdan 5 il sonra qan verə bilərlər. Qeyd edim ki, 18-65 yaşına çatmış kişilər ildə 4 dəfə, qadınlar isə ildə 3 dəfə qan verə bilərlər.

- Bəs, qan vermənin faydaları hansılardır?

- Qan vermək qanda şəkərin, qan təzyiqinin, ürək döyünmələrinin azalmasına səbəb olur. 2-ci ürək xəstəliklərinin riskini azaldır, 3-cü immun sisteminin güclənməsinə səbəb olur. 4-cü orqanizmdə yeni hüceyrələrin yaranmasına səbəb olur. Ümumiyyətlə, orqanizmin yeniləşməsinə səbəb olur.

- Qan verərkən hansı qaydalara əməl etmək lazımdır?

- Qan verməkdən 72 saat öncəki qan durulaşdırıcı bəzi dərmanlardan, məsələn, “analqin”, “aspirin”, “noşpa” kimi dərmanlardan istifadə etmək olmaz. İnsan rahat yarmalı, normal yuxu rejiminə əməl etməli və spirtli içki içməməlidir. Qan verən şəxs qan verdikdən sonra bol-bol maye qəbul etməli, kofe, çay içməli, şokolad yeməlidir.

- Siqaret çəkən şəxslər qan verə bilər?

- Qan verən şəxsin siqaret çəkməməsi məsləhət görülür. Çünki, siqaretin tərkibində olan nikotin qana keçir və o əgər bu qan donor kimi yeni doğulmuşlar üçün verilirsə, o yeni doğulmuşlar üçün də təhlükə yaradır.

- Bəzi insanlar öz sağlamlığı üçün narahat olaraq qan verməkdən çəkinir. Bunun səbəbi nədir?

- İnsanlar qan verməkdən qorxmamalıdırlar. Çünki qan verməklə orqanizmdə qan yaradıcı üzvlərin fəaliyyəti daha da aktivləşir və qan yaranma prosesi güclənir və bununla da immun sistemi güclənir, orqanizmdə yeni hüceyrələr yaranır və orqanlar da yeni hüceyrələrlə öz fəaliyyətlərini davam etdirir.

- Qanı azdır deyilən zaman nə nəzərdə tutulur?

- Qan vermək üçün müraciət edən şəxs ilk öncə həkim müayinəsindən keçir. Hemoqlobin dəyəri və çəkisi yoxlanır. Hemoqlobin dəyərinin aşağı olması qan azlığının əsas göstəricisidir.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə