Hamilələrdə olan hormonlar haqqında HƏKİMDƏN AÇIQLAMA

"Hamiləlik zamanı qadınlarda ən çox rast gəlinən hallardan biri də TSH hormonlarının normadan aşağı və ya yuxarı olmasıdır. Bu hormon yüksək olan qadınlarda üşümə, halsızlıq, yorğunluq, saçlarda tökülmə, ağrı şikayətləri kimi hallar müşayiət olunur. Hamiləlik zamanı TSH hormonu yüksək olarsa, bu, dölün əqli inkişafına təsir göstərə bilər. Bu cür vəziyyət əvəzedici dərman preparatı ilə aradan qaldırıla bilər". Bu sözləri SİA-ya açıqlamasında cərrah, mama-ginekoloq Ləman Əliyeva deyib.

Onun sözlərinə görə, tireoid stimuləedici hormon (TSH) beyində yerləşmiş hipofiz vəzisi tərəfindən ifraz olunaraq, orqanizmdə qalxanvari vəzin işini idarə edir: "T3 və T4 hormonları isə qalxanvari vəzidə sintez olunaraq TSH hormonu ilə birbaşa əlaqədədir. TSH, hipofiz hüceyrələri tərəfindən qalxanvari vəzin hormonlarının (T3,T4) qanda səviyyələrinin dəyişməsinə cavab olaraq ifraz olunur. TSH qan vasitəsi ilə qalxanvari vəz hüceyrələrinə çatdırılır və hüceyrələrin səthində yerləşən reseptorlarla əlaqə yaradır. Hamiləlik zamanı, xüsusilə, ilk üç ayda TSH hormonunun səviyyəsi aşağı olur. Bu patalogiya deyil. Ona görə də ilk dəfə müayinə aparılarsa TSH, TT4, ANTİ-TPO, ANTİ-TG yoxlanılmalıdır".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə