Kəkələməni kim müalicə edir? - PSİXOLOQ YOXSA NEVROLOQ

Kəkələmə nitqin rəvanlığına, axıcılığına təsir göstərir. Uşaqlıq dövründən başlayır, bəzən ömür boyu davam edir. Bu problem səslərin istehsalında pozuntularla xarakterizə olunur. Bəziləri yeni sözlər yaradırlar. Bu, ya sözlərin təkrarlanması, ya da sözlərin əvvəlinə “ummm”, “immm” kimi artırmalarla xarakterizə olunur. Bəs kəkələmə tam müalicə olunurmu? Uşaqların kəkələməsi nədən qaynaqlanır və bu zaman valideyn psixoloqa yoxsa nevropatoloqa müraciət etməlidir?

Məsələ ilə bağlı həkim-pediatr Ülkər Quliyeva SİA-ya açıqlamasında bunları deyib: "Bir çox uşaqlar kəkələmə problemi ilə üzləşir. Bugünə kimi tibbdə kəkələmənin yaranma mexanizmi təyin olunmayıb. Kəkələmə xəstəlik olmasa da ciddi bir problemdir. Kəkələmənin yaranmasına doğuş tramması, baş-beyin tramması yəni beynin silkələnməsi, psixoloji trammalar və s. səbəblər ola bilər. Kəkələmə mürəkkəb prosesdir. Bu pozulmanın müalicəsi adətən uzun müddət ərzində həyata keçir. Bəzən tam sağaldıqdan sonra kəkələmə təkrarən qayıda bilər. Kəkələmə problemi ilə eyni zamanda iki mütəxəssis məşğul olmalıdır. Ya uşaq nevropatoloqu, ya psixonevroloq və loqopedə müraciət etmək lazımdır. Kəkəlmə uşaqlarda danışmaqdan qorxmağa və ya çəkinməyə səbəb ola bilər. Belə uşaqlar həmyaşıdları ilə ünsiyyətdən çəkinir. Uşaq baxçasında və məktəbdə unsiyyət qurmasını çətinləşdirir. Ona görə də belə uşaqlar tək başına vaxt keçirməyi sevirlər və bu da uşaqda qapalı böyüməyə səbəb olur. Belə uşaqlar sakit, mehriban şəraitdə yaşamalıdır. Onları danlamaq və qorxutmaq olmaz. Belə uşaqların yuxu rejminə diqqət etmək vacibdir. Onların rəqs və musiqi ilə məşğul olması çox xeyirlidir. Son dövrün araşdırmaları sübut edib ki, kəkələmə psixoloji yox, nevroloji problemdir. Bunun müalicəsi zamanı mütləq şəkildə nevroloqa müraciət olunmalıdır. Müalicə kəkələməni tamamilə aradan qaldıra bilməz. Ancaq kömək edəcək bacarıqları ödəyə bilər. Valideynlər uşaqlara ən yaxşı yanaşmanı təyin etmək üçün uşaq psixiatrın rəhbərliyi vacibdir. Kəkələyən uşaqlara kompleks müalicə lazımdır".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə