Azərbaycanda rəqəmsal transformasiya və süni intellektin tətbiqi artıq ayrı-ayrı sahələrin deyil, bütövlükdə dövlətin inkişaf strategiyasının mühüm istiqamətlərindən birinə çevrilir.
Bu sözləri SİA-ya deputat Müşfiq Məmmədli deyib.

O sözlərinə belə davam edib: “Bu baxımdan yeni istifadəyə verilmiş SABAH.city innovasiya şəhərciyinin yaradılmasını xüsusi qeyd etmək istəyirəm. Burada universitetlərin, elmi-tədqiqat laboratoriyalarının, texnologiya şirkətlərinin və startapların vahid ekosistemdə birləşdirilməsi ölkəmizdə elmin iqtisadiyyata və real xidmətlərə inteqrasiyası üçün yeni imkanlar yaradır.
Hesab edirəm ki, bu imkanlardan səhiyyə sistemində də məqsədyönlü şəkildə istifadə etməliyik.
Bu məqsədlə SABAH.city-nin bazasında “Səhiyyə və Süni İntellekt Mərkəzi" yaradılmasını təklif edirəm.
Mərkəzin əsas məqsədi süni intellekt və rəqəmsal texnologiyaların səhiyyədə praktik tətbiqini sürətləndirmək, yerli tibbi texnologiyaların hazırlanmasını təşviq etmək və universitet–xəstəxana–texnologiya şirkəti əməkdaşlığını institusional səviyyəyə qaldırmaq ola bilər.
Burada bir neçə prioritet istiqaməti xüsusilə qeyd etmək istəyirəm.
Birincisi, süni intellekt əsaslı erkən diaqnostika sistemlərinin hazırlanmasıdır. Radiologiya, onkologiya, kardiologiya, oftalmologiya və patologiya kimi sahələrdə süni intellekt həkimin qərarını dəstəkləyən mühüm vasitəyə çevrilə bilər.
İkincisi, Azərbaycan səhiyyəsinin böyük məlumat bazasının analitik imkanlarının inkişaf etdirilməsidir. İcbari tibbi sığortanın tətbiqi nəticəsində ölkəmizdə çox böyük həcmdə tibbi məlumat formalaşır. Şəxsi məlumatların qorunması və tibbi sirr tələbləri təmin edilməklə anonimləşdirilmiş məlumatlardan xəstəliklərin epidemiologiyasının, xidmətlərə tələbatın və səhiyyə xərclərinin proqnozlaşdırılmasında istifadə etmək mümkündür.
Üçüncüsü, Azərbaycan dilində tibbi süni intellekt həllərinin yaradılmasıdır. Həkimlərin klinik qərarverməsinə yardım edən sistemlər, tibbi sənədlərin avtomatik hazırlanması, elektron tibbi qeydlərin analizi və pasiyentlərin maarifləndirilməsi üçün yerli dil modellərinin hazırlanması strateji əhəmiyyət daşıyır.
Dördüncüsü, yerli HealthTech startaplarının dəstəklənməsidir. Gənc mühəndislər, proqramçılar və həkimlər birlikdə tibbi cihazlar, telemedisin sistemləri, mobil səhiyyə tətbiqləri və süni intellekt məhsulları yarada bilərlər. Perspektivli layihələr pilot olaraq TƏBİB-in və müəyyən tibb müəssisələrində sınaqdan keçirilə, effektivliyi sübut olunan həllər isə daha geniş tətbiq edilə bilər.
Beşincisi, bu mərkəz tibb və texnologiya təhsilinin inteqrasiyasına xidmət etməlidir. Gələcəyin həkimi yalnız klinik biliklərə deyil, rəqəmsal səhiyyə, tibbi məlumatların analizi və süni intellekt haqqında baza biliklərinə də malik olmalıdır.
Burada Azərbaycan Tibb Universitetinin, digər ali məktəblərin, TƏBİB-in, Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin, SABAH.city-nin, texnologiya şirkətlərinin və özəl tibb sektorunun əməkdaşlığı üçün vahid platforma yaratmaq mümkündür.
Eyni zamanda hesab edirəm ki, süni intellektin səhiyyədə tətbiqi yalnız texnoloji məsələ deyil. Pasiyent məlumatlarının məxfiliyi, alqoritmlərin təhlükəsizliyi, klinik məsuliyyət, etik prinsiplər və insan nəzarəti paralel şəkildə hüquqi və institusional çərçivəyə salınmalıdır. Süni intellekt həkimi əvəz edən deyil, onun imkanlarını genişləndirən və qərarverməsini dəstəkləyən vasitə olmalıdır.
Azərbaycanın qarşısında burada çox mühüm imkan var.
Biz yalnız xaricdə hazırlanmış tibbi texnologiyaları alan ölkə olmaqla kifayətlənməməli, öz tibbi süni intellekt məhsullarını yaradan və gələcəkdə onları region ölkələrinə ixrac edə bilən ekosistem qurmağa çalışmalıyıq.
SABAH.city-də belə bir Səhiyyə və Süni İntellekt Mərkəzinin yaradılması bu istiqamətdə konkret və perspektivli addım ola bilər.
Düşünürəm ki, aidiyyəti dövlət qurumları və universitetlərin iştirakı ilə bu təşəbbüsün konsepsiyasının hazırlanması məsələsini müzakirə edə bilərik”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB