"Bu qida günün birinci yarısında – günorta yeməyində qəbul olunmalıdır" - EKSPERT

"Tərkibinin zənginliyinə görə xaş çox ağır kalorili qidadır. Eyni zamanda da bir çox insanlara müəyyən miqdarda tövsiyə olunsa da, ağır qida olduğu üçün xroniki xəstəlikləri olan insanlara həkim məsləhəti ilə tövsiyə olunur. Çünki tərkibində faydalı komponentlər – kollagen, jelatin kimi maddələr çox olsa da, eyni zamanda yağlılıq dərəcəsi, xolesterin miqdarı həddindən artıq çoxdur". Bu sözləri SİA-ya açıqlamasında Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.

Onun sözlərinə görə, bu qidanı hava soyuq olduqda bəzən çox tez-tez qəbul edirlər ki, burada əsas məqam onun tez-tez qəbul olunmasının orqanizmə zərər vurmağı mümkündür: "Yaxşı olar ki, porsiyalarına diqqət edilərək az miqdarda qəbul olunsun və soyuq aylarda bir-iki dəfə qəbul olunması yetərli hesab olunur. Bu qidanı hazırlayarkən mütləq şəkildə sanitar-qiqiyena qaydalarına əməl olunması, mənşəyi bəlli olan heyvan məhsullarından istifadə olunması çox önəmlidir. Asan həzm olunması üçün yanında təzə mövsümi tərəvəzlər, göyərti, eləcə də C vitamini tərkibli limon, zoğal əzməsi, nar əzməsi, bəzən də turşulardan istifadə olunur ki, bu da həzmini asanlaşdırır. Yaxşı olar ki, bu qida günün birinci yarısında – günorta yeməyində qəbul olunsun. Bu zaman orqanizmə enerji verir və daha yaxşı həzm olunur.

Lakin bir çox insanlar səhər tezdən qəbul edirlər ki, bu da mədənin, həzm sisteminin yüklənməsinə səbəb ola bilər. Yüksək xolesterindən, hipertenziyadan, ürək-damar xəstəliklərindən, artıq çəkidən, piylənmədən əziyyət çəkənlər, eləcə də qaraciyər yağlanması olan insanlar daha diqqətli olmalıdır. Onlar ümumiyyətlə qəbul etməməli, çox istəyirlərsə ayda bir dəfə kiçik porsiyada qəbul etməlidirlər. Mədə problemi olan insanlarda isə ümumiyyətlə qəbul etməmələri məsləhətdir. Bəzən bu qidanı həddindən artıq ədviyyatlı hazırlayırlar ki, bu da allergiyası olan və ya mədəsi həssas olan insanlarda problem yarada bilər. Həmçinin, duzun həddindən artıq olması qan təzyiqinin artmasına səbəb ola bilər. Bu baxımdan duz miqdarına da diqqət olunmalıdır.

Ancaq qeyd etmək lazımdır ki, faydaları da çoxdur. Sağlam bir insanın xaş qəbul etməsi, xüsusilə də orta yaşlarda kollagen və jelatinin yenilənməsi, birləşdirici toxumalara dəstək baxımından önəmlidir. Bioloji qocalmanın qarşısını alır. Mədə-bağırsaq sistemini qoruyur. Soyuq aylarda enerji verir, uzun müddət tox qalmanı təmin edir. Ağır fiziki iş görənlər, idmanla məşğul olanlar, daha çox enerjiyə ehtiyacı olanlar üçün yararlıdır. Eyni zamanda sümük problemləri olan insanlar – sınıq, çıxıq kimi hallarda da xaş tövsiyə olunur. Bu da kollagen və jelatin tərkibinə bağlıdır ki, həmin problemlərin daha tez sağalmasına yardım edir".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə