DİQQƏT: Uşağı dəfələrlə öpmək bu xəstəliyə səbəb olurmuş - HƏKİM DANIŞDI
"Yeni doğulmuş uşaqları öpərkən diqqət edilməli olan bir neçə məqam var". Bu fikirləri SİA-ya açıqlamasında pediatr Qoşqar İsmayılov deyib.
Həkim bildirib ki, xüsusilə, valideynlər, yaxın qohumlar uşaqları əzizləmək üçün öpürlər: "Amma bunun dərəcəsi var. Bir-iki dəfə öpmək olar. Uşağı dəfələrlə öpdükdə müxtəlif dəri xəstəliklərinə gətirib çıxarır.
Misal üçün, uşağın atası üzünü qırxmayıbsa, üzü tüklü öpdüyü zaman uşağın dərisində qıcıqlanmaya gətirib çıxara bilər. Qıcıqlanma nəticəsində qızartı, hiperemiya və səpkilər yarana bilər.
Valideynlərdən biri, yaxud ikisi də hər hansı xəstəliyə, virusa yoluxubsa, rahatlıqla həmin virusu uşağa yoluxdurur. Digər tərəfdən körpədə diatez dediyimiz, yəni üzündə səpkilər, saçın dərisində sarı qazmaq formasında ərplər varsa, bu zaman uşaqları öpəndə yanağında olan səpkilər, qızartılar daha da artır. Çünki onlar gələcəkdə allergiyaya meyilli uşaqlar olurlar. Bunlara diqqət etmək lazımdır.
Yeni doğulan körpələrin immun sistemi tam inkişaf etmədiyi üçün onlar infeksiyalara qarşı həssasdırlar. İlk üç ay ərzində körpələrin immun sistemi böyüklərlə müqayisədə daha az sayda infeksiyayla mübarizə aparan hüceyrə ehtiva edir. Bu da böyüklərdə yüngül simptomlara səbəb olan infeksiyaların körpələrdə həyati təhlükə yarada biləcəyi mənasına gəlir.
Yeni doğulmuş körpənin valideynləri qonaqları öpmə və toxunma mövzusunda xəbərdar etməkdən çəkinməməlidir. Körpənin sağlamlığını düşünən bir ziyarətçi bu cür tələblərə anlayışla yanaşmalıdır.
Unutmayın ki, yeni doğulmuş körpələr infeksiyalara qarşı olduqca həssasdır. Körpəni öpmək sevgi göstəricisidir, lakin bu sevgi bəzən onların ciddi şəkildə xəstələnməsinə səbəb ola bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə