Bu normalar təhsil qanununda öz əksini tapsa, daha təsirli olar - EKSPERT DANIŞDI

“Şagirdlərin məktəbdaxili nizam-intizam qaydaları çoxdan müzakirə olunurdu və bununla bağlı biz də hər zaman öz fikirlərimizi bildirirdik. Hər zaman vurğulayırdıq ki, müəyyən normalar olmalıdır. Əlbəttə, əvvəl də şagirdlərin davranışını tənzimləyən müəyyən normalar var idi”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti İlqar Orucov bildirib.

Onun sözlərinə görə, amma təbii ki, bu normaların təkmilləşdirilməsinə və yenidən hazırlanmasına da ehtiyac duyulurdu: “Bunu son dövrlərdə məktəb daxilində baş verən proseslər də bir daha göstərdi. Bu sənəd bütövlükdə müəllim, valideyn və şagird münasibətlərinin tənzimlənməsində mühim rola sahib olacaq. Bu qaydalara nəzər salsaq görərik ki, burada bütövlükdə üçtərəfli münasibətlərin nizamlanması öz əksini tapıb. Əslində, istər müəllim, istər direktor, istər psixoloq, istər şagirdlər, istərsə də valideynlərin, əslində, təhsildə öhdəliyi və vəzifələri var. Hesab edirəm ki, bu istiqamətdə də işləmək, çalışmaq lazımdır. Bu cür sənədin hazırlanması xüsusilə də son dönəmlərdə məktəbdə baş verən xoşagəlməz hadisələrin qarşısının alınması baxımından mühüm rol oynayacaq.

Şagirdlərin bütövlükdə davranışlarının tənzimlənməsi ilə bağlı sənədlər olmalıdır. Eyni zamanda, müəllimlərə də aid ediləcək bu cür sənədlərin olması zəruridir. Bizə təqdim edilən bu sənəd, əslində, kompleks bir sənəddir. Yəni müəllim, şagird və valideyn üçtərəfli münasibətlərinin tənzimlənməsi baxımından yararlıdır. Burada könüllülük prinsipi yoxdur və mütləq şəkildə məcburilik təmin olunmalıdır.

Ümumilikdə cəmiyyətdə, ictimaiyyətdə münasibətlərin düzgün tənzimlənməsi çox vacib bir məsələ olduğu halda, məktəblərdə də bu cür tənzimləyici sənədlərin olması daha da zəruri və xoşagələn bir haldır. Bu baxımdan, mən bu sənədi çox lazimi bir sənəd olaraq qiymətləndirir və bunun hazırlanmasını təqdir edirəm. Düşünürəm ki, bu normaların tətbiqindən sonra məktəblərdə üçtərəfli münasibətlər daha da inkişaf edəcək.
Eyni zamanda düşünürəm ki, bu normalar həm də təhsil qanununda öz əksini tapsa, daha təsirli və effektiv olar”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə