Şagirdlərə qarşı şiddətin qarşısı necə alınmalıdır? - TƏHSİL EKSPERTİ AYDINLIQ GƏTİRDİ

"Danılmaz həqiqətdir ki, məhsuldar insan kapitalı üçün keyfiyyətli fərdlər gərəkdir. İnsanın gücünü şərtləndirən bilik və bacarığın mənbəyində isə təhsil dayanır. Adam Smit yaxşı və keyfiyyətli təhsil almış insanın ən bahalı maşının gördüyü işi edə biləcəyini söyləmişdir. Keyfiyyətli təhsil üçün tədris mühitinin bütün tərəfləri birlikdə mövcud olmalıdır. Həmin tərəflərdən biri də mühitin təhlükəsizliyidir. Çünki fərdlərin təhsili təhlükəsiz bir mühitdə almaları vacib məqamdır. Təhlükəsiz mühitdə olmayan təhsilalanlar yaxşı təhsil ala, bacarıqlarını təkmilləşdirmək üçün gərəkli olan mövzulara fokuslana bilməzlər. Maslovun motivasiya nəzəriyyəsinə görə, olduğu mühitdə özünü inamlı hiss etməyən bir şagirdin öyrənməyə təşviq edilməsi çox çətin, hətta mümkün olmayan bir işdir". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Onun sözlərinə görə, məktəblərdə uğur və mükəmməlliyi təşkil edən faktorların önündə təhsil qədər təhlükəsizlik anlayışı da vacib bir yerə sahibdir: "Bunun səbəbi təhlükəsiz bir məktəb olmadan sağlam təhsil və tədris mühitinin təmin edilə bilməməsi həqiqətinin dayanmasıdır. Roger G.Barker 1968-ci ildəki araşdırmasının nəticələrindən sonra uşağın davranışlarının fərdi bacarıqları və zəkasından çox, içində yer aldığı mühitdən asılı olduğunu müdafiə etmişdir".

Kamran Əsədov sözlərinə belə davam edib: "Təhlükəsiz məktəblər şagirdlərin, müəllimlərin və məktəb kollektivinin digər üzvlərinin özlərini fiziki, psixoloji və sosial baxımdan tam azad hiss etdikləri yerlərdir. Təhsil müəssisələrində kollektiv və təhsil alanlar zaman-zaman fiziki, mexaniki, bioloji və kimyəvi təhlükələrlə qarşılaşa bilərlər. Bir məktəbi təhlükəli və ya təhlükəsiz olaraq adlandırmaq çətindir. Həmin məktəbin nə qədər təhlükəsiz olduğunu ölçmək olar. Məktəbin təhlükəsizliyini qiymətləndirmək təfərrüatlı bir tədqiqat tələb edir. Çünki təhlükəsiz məktəb çoxşaxəli bir anlayışdır".

Təhlükəsiz məktəb anlayışı şiddət və zorakılıq, narkotik maddələrdən istifadə və asılılıq, cinsi istismar, zorlama, qapalı məkan hava kirliliyi, radioaktiv şüalanma və təbii fəlakətlər, zəlzələ, sel və yanğın kimi bir çox məsələləri ehtiva edir. UNICEF məktəblərdə şiddəti qlobal bir problem kimi qiymətləndirir. Aparılan araşdırmalarda məktəbin təhlükəsizliyinə ən çox təsir edən amillərin zorakılıq, oğurluq, spirtli içki və narkotik maddə istifadəsi, quldurluq, məktəbə odlu və ya soyuq silah gətirilməsi halları olduğu müşahidə edilib.

Məktəbin təhlükəsizliyinə onun böyüklüyünün də təsiri var. Araşdırmalarda məktəbin böyüklüyü ilə şiddət hadisələrinin sıxlığının bir-biri ilə mütənasib olduğu müşahidə edilib. Məktəbin təhlükəsizliyini təhdid edən bu amillər bir növ məktəbin yerləşdiyi mühitin təzahürüdür.

Məktəb mühitini etibarlı edən faktorların sırasında məktəb kollektivi, təhsil alanlar və valideynlərin özlərini azad və təhlükəsiz hiss etdikləri bir məktəb iqlimi yer almaqdadır. Aparılan beynəlxalq tədqiqatlarda təhlükəsiz məktəbin birdən çox standartı olduğu vurğulanır. Bunların ən effektivi məktəb iqlimidir. Məktəblərdəki şiddətin qarşısını almaq üçün ən yaxşı üsullardan biri maraqlı tərəflər arasındakı həqiqi, açıq və dəstəkləyici münasibətdir. Bu qarşılıqlı müsbət münasibətə məktəb iqlimi yön verməkdədir.

Məktəblərdəki şiddətin əsaslı şəkildə önünə keçməyin yolu müsbət məktəb iqliminə sahib olmaqdan keçir. Yeniliyə açıq və etibarlı məktəblərin ən böyük özəlliyi müsbət məktəb iqliminə sahib olmasıdır. Məktəb iqlimi şagirdlərin davranışlarına istiqamət verməklə bərabər, məktəb işçilərinin o məktəbə olan bağlılıqlarının artmasına və ya azalmasına da təsir göstərir. Müsbət məktəb iqlimi şagirdlərdə müşahidə edilən fiziki və duyğusal davranış pozuntularının azalmasında ən təsiredici komponentdir. Məktəblərin yerləşdiyi mühit, böyüklüyü və şagird sayının onun iqliminə təsiri ilə bağlı tədqiqatçılardan olan Kathleen Cotton 1996-cı ildə (School size, school climate, and student performance) bir araşdırmasında şagird sayı az olan kiçik məktəblərdə məktəb iqliminin müsbət yönümlü olduğunu və bunun da onların akademik nailiyyətlərinin yüksəlməsinə təsir etdiyini vurğulayıb. Məktəbin müsbət məktəb iqliminə sahib olması üçün öz damı altındakı fərdlərini nümayiş etdirdikləri davranışların məktəbin mühitinə və psixoloji atmosferinə birbaşa təsiri olduğu haqda məlumatlandırmalıdır.

Məktəb rəhbərləri müsbət məktəb iqlimini təmin etmək istəyirlərsə, məktəb, təhsilalan və valideynlər arasındakı əlaqə və münasibəti daim yaxın tutmalıdırlar. Eyni zamanda, direktorlar yeniliyə açıq olmali, işbirliyini təmin etməli və iş başında öyrənməyi təşviq etməlidirlər. Valideynlər məktəbə sadəcə övladları ilə yaşanan problemlə əlaqədar onların fikir və təkliflərini almaq üçün də dəvət edilməlidirlər. Yüksək təhsil nailiyyətlərinə sahib Finlandiya məktəblərində qərarlar verilərkən valideynlərin fikri mütləq nəzərə alınır. Məktəb daxilindəki əməl edilməli olan qaydalar açıq və şagirdlər üçün anlaşıqlı bir şəkildə müəyyənləşdirilməlidir. Qısaca, məktəb iqliminə təsir edəcək amillərlə bağlı dəyişikliklər tərəflərin gözləntiləri və müvafiqliyi istiqamətində hazırlanmalıdır.

Bir çox ölkələrin təhsil müəssisələrində təhlükəsiz muhitin təşkili üçün müsbət iqlimə nail olmaq istiqamətində layihələr həyata keçiriblər. Bu layihələrdən biri Amerikada PDE (Program Development and Evaluation) tərəfindən həyata keçirilən məktəblərdə cinayət və kriminal hadisələrin azaldılmasına hədəflənmiş bir layihədir. Layihənin tətbiq edildiyi məktəblərdə 2 il sonra şiddət və cinayət hallarında ciddi azalma izlənilib. Oxşar bir layihə isə qonşu Gürcüstanda 2010-cu ildən tətbiq olunan Mandaturi layihəsidir. Türkiyədə də təhlükəsiz məktəb (Güvenli okul) devizi altında layihə həyata keçirilib. Hətta Türkiyədə məktəb mühitinin təhlükəsizliyinin təşkili üçün çalışacaq kadrların yetişdirilməsi nəzərdə tutularaq, bəzi universitetlərdə ixtisaslar açılıb".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə