Bağçalarda uşaqların qidalarına tamah salanlar var - EKSPERT AYDINLIQ GƏTİRDİ

“Dövlət və özəl bağçaların müqayisəsindən danışsaq, özəl bağçalar rəqabətə daha çox meyillidirlər. Yəni, dövlət bağçalarında rəqabət mühiti bir o qədər də yoxdur”. Bu sözləri SİA-ya açıqlamasında təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi deyib.

Onun sözlərinə görə, baxmayaraq ki, dövlət bağçalarında uşaq sayı çoxdur, özəl bağçaların dövlət bağçalarından fərqi daha böyükdür: “Nəzərinizə çatdırım ki, hal-hazırda ölkədə 1825 ümumi bağça fəaliyyət göstərir. Onların təxminən 1692-si dövlətə, 133 bağça isə özəldir. Burada 120 mindən çox uşaq var”.

Elçin Əfəndi sözlərinə belə davam edib: “Özəl bağçalar valideynlərin ödədiyi ödəniş əsasında fəaliyyət göstərir və nəticə etibarilə istər qida, istər tədris, istər tərbiyə, həmçinin uşaqların asudə vaxtlarını səmərəli keçirməsi özəl bağçalarda daha çox diqqətdə saxlanılır. Çünki burada xidmət valideynin verdiyi qiymətdən asılıdır”.

“Son illər özəl bağçalara üz tutanların sayında çoxluq müşahidə edirik. Həmçinin də biz özəl bağçalarda bir o qədər neqativ hallar müşahidə etmirik. Özəl bağçalarda şagirdə maksimum diqqətlə yanaşırlar. Lakin istisna hallar da var”.

“Dövlət bağçalarında təəssüflər olsun ki, uşaqların qidalarının aradan çıxarılması halları olur. Yəni, kimlərsə onu satırlar. Eyni zamanda, müəllim seçimlərində müəyyən problemlər yaşanır. Ümumiyyətlə isə işin qurulmasında müəyyən çatışmazlıqlar müşahidə olunur. Düşünürəm ki, bağçaların Təhsil Nazirliyinin tabeliyinə verilməsi ilə bu kimi neqativ hallar aradan qalxacaq”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə