Virusa yoluxan tələbələr İMTAHANI NECƏ VERƏCƏK? - TƏHSİL EKSPERTİ AYDINLIQ GƏTİRDİ

"İlk növbədə qeyd edim ki, ali təhsil müəssisələrində, eyni zamanda orta ixtisas təhsil müəssisələrində tədrisin təşkili qaydaları Nazirlər Kabineti tərəfindən təsdiq edilib. Burada bir neçə nüans var. Birincisi, ali və orta ixtisas təhsil müəssisələrində tədris prosesi 29 sentyabrdan başlayıb. Bizim şagird və tələbələrimiz 29 sentyabrdan tədris prosesində iştirak ediblər. Amma iştirak etmələrinə baxmayaraq bu və ya digər səbəblərdən yoluxma halları müşahidə edilir". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Onun sözlərinə görə, hansı ərazilərdə ki yoluxma var, o qruplar bağlanıb 14 gündür distanta keçirilib və tələbələr tədris prosesindən kənarda qalıblar: "Amma bu birmənalıdır ki, tədris prosesinə təsirini göstərməyib yəni, dayanma olmayıb. Baxmayaraq ki, onlayn distant tədrisə keçirilib. Bu ciddi bir məsələdir. Burada təbii ki, pandemiya dövründə əgər tələbə dərs prosesində iştirak etməyibsə ona qaib yazılmır, yəni, iştirak etməsi ilə bağlı imtahanda bir məhdudiyyət yoxdur. Burada nüans sadəcə olaraq həmin tələbələrin qiymətləndirilməsi ilə bağlıdır".

Kamran Əsədov sözlərinə belə davam edib: "Qeyd edim ki, hal-hazırda ali təhsil müəssisələrində təhsil alan tələbələrin imtahanlarda əgər koronavirus səbəbindən yoluxma halları ilə bağlı iştirakında məhdudiyyət olarsa, o tələbələr birmənalı olaraq növbəti günlərdə ikinci semestr başlayana qədər iştirak edəcəklər. Yəni, hal-hazırki situasiyada onların birmənalı olaraq imtahanda iştirakı məhdudlaşdırılır. Yəni, hal-hazırda hansısa bir tələbədə koronavirus əlamətləri varsa və yaxud da yoluxma müşahidə edilibsə o tələbələrin iştirakına icazə verilməyəcək. Onlar ikinci semestr başlayana qədər onlar üçün imtahanlar təşkil ediləcək. Təbii ki, onlarda əlamətlər başa çatarsa və yaxud da hər hansısa bir əlamət olmazsa. Amma biz təklif etmişdik ki, Azərbaycan 2 ilə yaxındır pandemiya dövründədir və tədris prosesi onlayn qaydada həyata keçirilir. Hesab edirəm ki, əgər tələbə özünü narahat hiss etmirsə və imtahan suallarına cavab verə biləcəksə birmənalı şəkildə onlar üçün imtahanlar onlayn təşkil edilməlidir. Bu həm vaxt məhdudiyyətini ciddi şəkildə aradan qaldıra bilər. Yəni, tələbələr təkrar imtaha hazırlaşmazlar. Hesab edirəm ki, mövcud problemin aradan qalxması üçün həmin tələbələrin onlayn rejimdə imtahanda iştirak etmək imkanları yaradılmalıdır. Bu ciddi bir məsələdir. Yəni, onlar ənənəvi qaydada yox, onlaynda iştirak etsinlər. Amma mövcud qaydalara görə onlar üçün təkrar imtahanlar təşkil ediləcək".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə