Birdən-birə dəyişikliyi etməklə uşaqları çətin vəziyyətə salırıq - İRAD - TƏHSİL EKSPERTİ ŞƏRH ETDİ

“İlk növbədə qeyd edim ki, qəbul sistemində hər hansısa dəyişikliklərin həyata keçirilməsi tədris ili başlayandan sonra olmamalıdır. Çünki, artıq oktyabr ayı başa çatıb və abituriyentlərimiz növbəti il üçün hazırlıqlara başlayıblar”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Onun sözlərinə görə, ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələri orta məktəb nəticələri ilə eyni deyil: “Burada şagirdlər yüksək nəticə göstərmək üçün mütləq şəkildə hazırlıq kurslarına gedirlər. Onlar bütün planlarını bu istiqamətdə qururlar. 3-cü ixtisas qrupunda dəyişiklik ediləcəyi gözlənilirdi. Yəni, söhbət ixtisas əlavə edilməsindən gedir. 2020-ci ildə Operativ Qərargah yanında Nazirlər Kabinetinin bununla bağlı qərarı var idi ki, Beynəlxalq münasibətlər və Regionşünaslıq ixtisaslarını seçmək üçün bu ixtisaslar 3-cü qrupa keçirilsin. Amma burada coğrafiya fənninin olması müzakirə məsələsi deyildi. Belə bir qərar yox idi”.

Kamran Əsədov sözlərinə belə davam edib: “Bir məsələni də qeyd edim ki, 3-cü ixtisas qrupuna coğrafiya fənninin əlavə edilməsi yox, eyni zamanda, əlavə olaraq coğrafiya fənnindən imtahan vermək imkanı verəcək. Bu da ancaq Beynəlxalq münasibətlər və Regionşünaslıq ixtisasını seçənlərə aiddir. Yəni, bu ixtisasları seçənlərə əlavə bir fənn daxil olacaq ki, bu da coğrafiya fənnidir. İxtisas seçimini isə istədiyi kimi edə bilər”.

“Bu dəyişiklik 3-cü qrup üçün müsbətdir. Çünki, 3-cü qrupa əlavə ixtisasların daxil olması plan yerlərinin sayını artıracaq. Bu da yaxşı haldır. Çünki, 3-cü qrupda abituriyentlərin çoxsu ali məktəbə qəbul ola bilmirdi. Hətta, yüksək balla kəsilənlər də olurdu. Bu isə onların qəbul olma şansını artıracaq”.

“1-ci qrupda isə vəziyyət biraz fərqlidir. Ona görə fərqlidir ki, 1-ci ixtisas qrupu üzrə hazırlaşan abituriyentlər 7-8-ci sinifdən artıq Kimya fənni üzrə hazırlaşırdılar. Çünki, Kimya çətin fənn hesab edilir”.

“Digər məsələ isə informatika fənnidir. Lakin, bir problem var. Hazırda ölkədə ən ciddi müəllim çatışmazlığı informatika fənnindədir. İnformatika Azərbaycan dili və riyaziyyat fənnləri ilə yanaşı yeganə fənlərdəndir ki, 1-ci sinifdən 11-ci sinifə qədər tədris olunur. Amma Azərbaycanda hələ bunun test bazası yoxdur. Digər fənlər nəzəri fəndir. İnformatika isə praktik fəndir. Birincisi dərsliklərimiz test tapşırıqları hazırlamağa uyğun deyil. İkincisi informatika fənni qəbul imtahanında istifadə olunacaq qədər keyfiyyətli tədris olunmayıb. Üçüncüsü, imtahanın yoxlanması üçün nümunəvi test tapşırıqları yoxdur”.

“Bölgələrdə də ciddi şəkildə informatika müəllimi çatışmazlığı var və biz, birdən-birə bu dəyişikliyi etməklə uşaqları çətin vəziyyətə salırıq. Bu, xüsusilə uzun müddətdir tələbə olmaq istəyən abituriyentlər üçün çətin olacaq və onlara psixoloji təsir edəcək”.

“Mən, 1-ci qrupda yüksək balın formalaşacağını gözləmirəm. Şagirdlər informatika fənnini o qədər yüksək səviyyədə oxumurlar. Bununla bağlı ölkədə müəllimlik sistemi formalaşmayıb. İnformatika fənninin indiki şəraitdə əlavə edilməsini müsbət dəyərləndirmirəm. Valideynlərin narahatlığı və narazılığı da tam normaldır. Biz, qərar verərkən şagirdləri də düşünməliyik. Bizdə informatika fənni hələ formalaşmayıb. Orta məktəb bilikləri ilə informatika fənnindən qəbul imtahanı vermək olmaz. Bu dəyişikliyin yaxın 2 ildə edilməməsi daha yaxşı olardı”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...