“Təhsilin müvafiq pillələri üzrə qapadılmaya gedilə bilər” - AÇIQLAMA

“Hal-hazırkı durumda yoluxma faktı gündən-günə artır. Yəni, hər gün bir qədər artım müşahidə edirik və bunun nəticəsi olaraq, əlbəttə müvafiq qabaqlayıcı tədbirlər də alınır. Yəni, ən azından təhsillə bağlı danışsaq, lokal qapadılmalara gedilir, siniflərin qapadılması, ən azı 14 gün karantinə alınması, eyni zamanda, vaksinasiya prosesinə vətəndaşların çağırışı bütün vətəndaşların vaksinasiya prosesinə cəlb olunmaları ilə bağlı mühüm rol oynayır”. Bu sözləri SİA-ya açıqlamasında təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi deyib.

Onun sözlərinə görə, yəni, bütün bunlar o deməkdir ki, bu qabaqlayıcı tədbirlər əgər effekt verməzsə, qarşıdakı vaxtda biz yenidən yoluxmanın sayının daha da kəskin şəkil alacağını müşahidə edəriksə, o zaman artıq qapadılmalar lokal xarakter daşımayacaq: “Yəni, ola bilsin ki, təhsilin müvafiq pillələri üzrə qapadılmaya gedilsin. Yəni, ilk olaraq daha çox ali təhsil müəssisələri qapadılmaya gedə bilər, onun ardınca kolleclər. Orta-ixtisas təhsil müəssisələri sonra isə müvafiq olaraq orta ümumtəhsil müəssisələrinin yuxarı sinifləri, əsasən 10-11-ci siniflər və əgər yenə də bunlar effekt verməsə, ondan sonra tam qapadılmaya gedilə bilər”.

Elçin Əfəndi sözlərinə belə davam edib: “Hal-hazırda isə düzdür bununla bağlı müzakirələr aparılır, hər gün müvafiq olaraq Təhsil Nazirliyi tərəfindən müvafiq tapşırıqlar verilir, qabaqlayıcı tədbirlər görülür. Amma təbii ki, bunlar effekt vermədiyi halda artıq qapadılma qaçılmaz olacaq. Əgər biz distant təhsil deyil, əyani şəkildə təhsili istəyiriksə, o zaman çalışmalıyıq ki, verilən qaydalara riayət edək. Yəni, hər bir vətəndaş şəxsi gigiyena qaydalarına da xüsusilə riayət etməlidir ki, gələcəkdə bu kimi hallar olmasın”.

“Burada həm də bir məqam ondan ibarətdir ki, şagirdin və ya tələbənin təkcə təhsil müəssisəsində yoluxduğu bəlli deyil. Yəni, ola bilər o ictimai nəqliyyatda və yaxud da hər hansı bir getdiyi kitabxanada, digər yerlərdə yoluxa bilər. Yəni, burada birbaşa təhsil müəssisələrini də günahlandırmaq doğru deyil. Düzdür, təhsil müəssisələrində qapalı şəraitdə dərslər tədris olunur və burada da hər bir təhsil alan, eyni zamanda, təhsil verən qapalı şərait olduğu üçün qoruyucu maskalardan istifadə etməlidir. Yəni, təbii ki, qoruyucu maskalardan istifadə olmaması yoluxma sayının artımı ilə nəticələnir. Düşünürəm yəqin ki, əgər bütün bu addımlar effekt verməsə, əlbəttə, qapadılmaya gediləcək. Əgər biz yoluxma sayında artıq aşağı düşülmə ilə bağlı müəyyən nəticəyə nail olsaq, o zaman qapadılma ola bilsin ki, olmayacaq. Gözlənilir ki, sabah brifinq olsun. Brifinqdə yəqin ki, ümumi karantinin vaxtının uzadılması öz əksini tapacaq, amma təhsillə və qapadılma ilə bağlı düşünmürəm ki, hər hansı bir qəti qərar verilmiş olsun”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...