"Məktəbli geyiminə yanaşma ciddi olmalıdır" - İCTİMAİ ŞURANIN MƏSUL KATİBİ ŞƏRH ETDİ

"Məktəbli geyimlərinin dəyişilməsi ilə bağlı konkret bir fikir yoxdur. Amma məktəbli geyimləri ilə bağlı pandemiyadan öncə Təhsil Nazirliyi müəyyən standartlar hazırlayıb və o standartlar çərçivəsində ölkədə bir neçə təkliflər irəli sürülüb ki, pandemiya başlayandan sonra artıq bu mövzu arxa plana keçdi. Amma məktəbli geyimlərinin dəyişdirilməsi məsələsi düşünürəm ki, əslində, vahid məktəbli geyimlərinə keçid bütövlükdə məktəbli geyimləri ilə bağlı işlərin koordinasiya olunması doğru olardı". Bu sözləri SİA-ya açıqlamasında Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov deyib.

Onun sözlərinə görə, biz Təhsil Nazirliyi yanında İctimai Şuralarda bu məsələ ilə bağlı Təhsil Nazirliyinin rəhbərliyi ilə müzakirələr təşkil etmişik: "O müzakirələrin nazir müavinləri, aidiyyatı üzrə məsul şəxslər və istehsalçı şirkətlərin rəhbərlərini, kütləvi informasiya vasitələrinin rəhbərlərini dəvət etmişdik. Məktəbli formasının tətbiqi mövzusunun ictimai müzakirəsinin vacibliyini orada ifadə etmişdik və bu məsələdə geniş müzakirələr aparılması ilə bağlı nazirliyin mövqeyini dəstəkləmişdik".

İlqar Orucov sözlərinə belə davam edib: "Məktəbli geyiminə yanaşma ciddi olmalıdır. Burada ictimai rəyə çıxarılan vahid məktəbli formalarının təsvirləri ilə bağlı ictimaiyyətin fikirləri nəzərə alınmalıdır. Burada vahid məktəbli formalarının təsvirlərini nazirlik təqdim edərkən əlbəttə, peşəkarlara, bütövlükdə bu sahəni bilən insanlara ciddi önəm verib. Söhbət təkcə istehsalçıdan getmir. Bütün bu məsələlər kompleks yanaşma tətbiqi tələb edir və təkcə bu bir neçə nəfərin istəyi ola bilməz".

"Eyni zamanda, burada qiymət məsələsi də çox vacibdir və son illərdə bu istiqamətdə də bəzi sui-istifadə hallarına çox təəssüf ki, yol verilir. Bu məsələ də ciddi nəzarətdə olmalıdır. Ayrı-ayrı məktəblər özləri üçün məktəbli geyimləri sifariş edərkən artıq bu, birbaşa qiymətə təsir edən faktorlardır, hansı ki, bu da yolverilməzdir. Konkret olaraq məktəbli geyimləri ilə bağlı vahid qiymət standartının da müəyyən edilməsinə də ehtiyac var. Yoxsa, "mən istənilən bir istehsalçı şirkəti tapıram, onunla danışıram, istədiyim qiyməti qoyuram və orada öz şəxsi maraqlarımı güdürəm" deyə belə bir şey olmamalıdır. Ona görə də pandemiya artıq bitib. Artıq məktəblər ənənəvi formada təhsilə başlayıblar deyə, məktəbli formalarının da müzakirəsi yenidən gündəmə gəlməsi təbii məsələdir. Bu işlər 2020-ci ilin əvvəlində təxminən yanvar-fevral aylarında bu müzakirəyə çıxarıldı və ondan sonra pandemiya səbəbindən məktəblər qapadıldı və o mövzu da arxa plana keçdi. Çünki distant formada təhsilə keçəndən sonra artıq təhsilin qarşısında duran bütövlükdə bu istiqamətdə gündəmi tamam başqa məsələlər tutdu".

"Bu istiqamətdə hesab edirəm ki, işləri yenə də davam etdirmək lazımdır. Təhsil Nazirliyi yanında İctimai Şuranın yaxın günlərdə yeni heyəti formalaşacaq və bu işləri Təhsil Nazirliyi yanında İctimai Şuranın iştirakı olmadan həyata keçirmək düzgün deyil. Çünki ictimaiyyətin fikirləri məhz İctimai Şura tərəfindən analiz olunur, öyrənilir və onlar nazirliyə ötürülür. Burada həm valideynlərin maraqları, həm təhsil alanların maraqları, müəllimlərin maraqları, Təhsil Nazirliyinin, yəni bütün təhsil subyektlərinin maraqları nəzərə alınmalıdır. Maraqlar deyəndə burada keyfiyyətli, estetik, sağlamlıq baxımdan daha faydalı və qiymət baxımdan daha optimal, daha ucuz və keyfiyyətli formalar ilə bağlı təklifləri yenidən müzakirə edə biləcəyik. Əlbəttə ki, o zaman bazardakı qiymətlər də fərqli idi. Yəqin ki, bu da öz təsirini göstərməmiş deyil. Məktəbli formaları ilə bağlı qiymətləri müəyyənləşdirərkən bütövlükdə bu müzakirələri yenidən canlandırmağa ehtiyac var, yenidən bu məsələyə köklü şəkildə qayıtmağı düşünürəm. Əlbəttə ki, bu müzakirələrə bu il başlanılsa, bu, o demək deyil ki, elə bu ildə yeni formalar tətbiq olunacaq, yeni formalara keçidi təmin etmək olacaq. Bu xeyli zaman aparan məsələdir. Düşünürəm ki, indidən bu məsələlərə başlanılsa, bu, yalnız növbəti ilin əvvəlindən yeni formaların tətbiqinə keçmək olar".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...