"Abituriyent Prezident təqaüdünü almaq üçün ciddi hazırlaşmalıdır" - EKSPERTLƏR MÜNASİBƏT BİLDİRDİ

“Dünən cənab Prezident, Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi barədə müvafiq sərəncam imzalayıb. Sərəncam 2020-2021-ci tədris ilində yüksək nailiyyətlər əldə edərək ali təhsil müəssisələrinə daxil olmuş tələbələrin 102 nəfərinə Prezident təqaüdü təyin edib. Hesab edirəm ki, bu bütövlükdə ölkə başçısının təhsilə olan qayğısının növbəti təzahürüdür”. Bu sözləri SİA-ya açıqlamasında Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov deyib.

Onun sözlərinə görə, Azərbaycan Respublikasında yüksək nəticələr əldə etmiş tələbələrə bu təqaüdün verilməsi onların gələcək həyatında olduqca böyük rol oynayacaq və onların daha savadlı, bilikli olmaları istiqamətində yeni stimul verəcək: “Prezident təqaüdü xeyli bir məbləğdir. Yəni, az məbləğ deyil. Eyni zamanda, məbləğdən əlavə bunun bir yükü var, hansı ki, o yük ondan ibarətdir ki, ölkə başçısı məhz ölkəmizdə savadlı gənclərin təhsillərini stimullaşdırmaq, onlara əlavə motivasiya vermək, onların daha yaxşı oxumaq, daha bilikli olmaq uğrunda mübarizəsini şərtləndirir. Əlbəttə ki, 102 nəfər tələbəyə Prezident təqaüdünün verilməsi gələcəkdə də bu istiqamətdə yüksək nəticələr uğrunda bizim gənclərimizin daha da üzərlərində çox çalışmaları, bilikli olmaları istiqamətində rəqabət mövqeyi artıracaq. Çünki, bugünün şagirdi gələcəyin məzunudur, daha sonra tələbədir”.

İlqar Orucov sözlərinə belə davam edib: “Əlbəttə ki, bugünkü şagird görürsə ki, ölkə başçısı məhz yüksək nəticə göstərərək ali təhsil müəssisələrinə daxil olmuş gənclərə Prezident təqaüdü verir, həm də burada Prezident sözünün olması bu mükafatın maddidən əlavə mənəvi yükünü xeyli artırır”.

Mən əminəm ki, bizim tələbələrə ölkə başçımızın uzun illərdən bəri təyin etdiyi o Prezident təqaüdünün bu il də təyin olunması bizim gənclərimizə, təhsilimizə savadlı, bilikli gənclərimizə dövlətin növbəti qayğısının təzahürüdür.

Ümumiyyətlə, bu istiqamətdə ölkəmizdə xeyli işlər görülüb. Bütövlükdə tələbələrin təhsil almasında məhz dövlətin rolunun gücləndirilməsi xüsusilə, ödənişsiz təhsil alan tələbələrin ümumi sayının təxminən 50 faizə qaldırılması istiqamətində görülmüş addımlar təhsilin əlçatanlığını təmin etməkdir.

Eyni zamanda, bilirsiniz ki, yayda cənab Prezidentin fərmanı ilə Azərbaycan Respublikasının Tələbə Kredit Fondu yaradıldı. Bu da təhsil uğrunda rəqabət mühitini formalaşdırmaq, eyni zamanda, aztəminatlı ailələrdən olan tələbələrin qayğısına qalmaq, onları dövlət himayəsinə götürmək istiqamətində çox böyük addımlar idi.

Əlbəttə ki, Azərbaycan Respublikasında siyasi rəhbərliyin həyata keçirdiyi siyasətin kökündə o durur ki, savadlı, dünyanın əmək bazarı ilə ayaqlaşa biləcək gənclər yetişsin və onların potensialından gələcəkdə Azərbaycan dövləti, Azərbaycan dövlətinin inkişafı naminə hərtərəfli istifadə olunsun. Bu istiqamətdə dövlətin bu kimi humanist və nəcib fəaliyyətini hər zaman görmüşük. Cənab Prezidentin gənclərə qayğısını biz hər zaman görmüşük, düşünürəm ki, məhz bu sərəncam da 2020-2021-ci təhsil ilində ən yüksək nəticələrlə ali təhsil müəssisələrinə qəbul olmuş gənclərə Prezidentin himayəsinin, qayğısının göstəricisidir”.

Məsələ ilə bağlı təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi də öz fikirlərini qeyd edib: “Dövlət başçısı tərəfindən yüksək bal toplayan 102 nəfər tələbənin Prezident təqaüdünə layiq görülməsi ilə bağlı müvafiq sərəncam verildi. Yüksək bal toplayan 25 nəfər tələbəyə Prezident təqaüdü təyin olunub. Bu, yalnız yüksək bal toplayan tələbələri əhatə edir və yalnız hər qrupdan 25 nəfərə şamil olunur".

Ölkə üzrə Prezident təqaüdünün verilməsi mütərəqqi addımdır. Məsələn, elə tələbələr var ki, onlar həm Prezident təqaüdü, həm universitetin verdiyi təqaüdü, həm də müəyyən şirkətlər tərəfindən təqdim olunan təqaüdləri alır və bu da üst-üstə 400-500 manat civarı edir. Düşünürəm ki, bu bir tələbə üçün olduqca öz gəlirlərini, çıxarlarını tənzimləmək üçün yaxşı bir rəqəmdir. Bu, tələbələrə stimul verir və hər bir abituriyent fikirləşir ki, onlar yüksək bal toplayıb Prezident tərəfindən təqaüdə layiq görülsünlər.

Müəyyən universitetlər Prezident təqaüdü alan tələbələrin sayını çıxarırlar, hesabatını paylaşırlar, bu da bir qədər universitetlərin də rəqabət aparmasına gətirib çıxarır ki, abituriyentlər ixtisaslaşma dövründə məhz həmin universitetlərə üstünlük verməsini istəyirlər.

Prezident təqaüdünün verilməsi 2001-ci ildən Heydər Əliyev tərəfindən təyin olunub. Yəni, məhz Heydər Əliyevin sərəncamı əsasında bu proses başlanıb və 2001-ci ildən, 20 il vaxt ərzində demək olar ki, yüzlərlə gənc bu prosesdən yararlanıb. Düşünürəm bu da tələbəliyə, təhsilə, gəncliyə yatırılmış uğurlu bir sərmayədir. Tələbələr bu prosesdən yararlana bilirlər.

Hal-hazırda ölkəmizdə də Prezident təqaüdünün məbləği 210 manat üzərindədir və düşünürəm ki, hər bir abituriyent məhz Prezident təqaüdünü almaq üçün hazırlıq dövründə ciddi hazırlaşmalıdır".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...