Məktəblərdə imtahanların sayı azaldılır? - YENİLİK - TƏHSİL EKSPERTİ AÇIQLADI

"İlk növbədə qeyd edim ki, kurikulum Azərbaycan təhsil sisteminə 1990-cı illərdə yeni pedaqoji termin kimi daxil olub. Mənası əski latın dilində “yol”, “istiqamət” deməkdir. Daha sonralar elm və təhsil sahələrində xüsusi termin kimi işlənməyə başlandı. Amma 2008-ci ildən etibarən orta məktəblərdə tədris kurikulum standartlarına uyğun olaraq həyata keçirilməyə başlayıb. Bu o deməkdir ki, 2008-ci ildən etibarən müəllimlər müasir standartlara uyğun olaraq yeni alətlərdən istfadə etməli idilər. Amma Dövlət İmtahan Mərkəzi tərəfindən 2017-ci ildə IX snif şagirdləri üçün keçirilən buraxılış imtahanlarının nəticəsində məlum oldu ki, orta məktəblərdə şagirdlərə tədris dövlətin standartlarına uyğun olaraq həyata keçirilməyib". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Onun sözlərinə görə, şagirdlərin nəticələri göstərdi ki, hazırda 4472 orta məktəbimizdə dərslər dövlətin tələb etdiyi standartlara uyğun olaraq həyata keçirilmir: "Göründüyü kimi, təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı məsələləri özündə əks etdirən bu sənədlər toplusu gözlənildiyi kimi, təhsil ideyamıza çevrilə bilmədi. Kurikulum standartları əsasında hazırlanmış qiymətləndirmə mexanizmləri şagirdlərimizin nitq qabiliyyətini, yazı vərdişlərini, məntiqi təfəkkürünü nəinki inkişaf etdirdi, əksinə, bir çох ziddiyyət və anlaşılmazlıqlar yaratmaqla vəziyyəti bir az da ağırlaşdırdı. Halbuki, kurikulum dünyanın mükəmməl, inkişaf etmiş ölkələrində qəbul edilən təhsil üsullarından biridir. Kurikulum qiymətləndirmə, şəxsiyyətlilik və s. baxımından kifayət qədər üstünlüyə malikdir".

"Geridə qoyduğumuz 11 il ərzində müəllimlər müasir standartlara uyğun olaraq yeni alətlərdən istfadə etməli idilər. Amma 20 il ərzində müəllimlər ənənəvi test tapşırıqlarını, ənənəvi dərsi necə tətbiq etməyi öyrəniblər və onlar bunu mənimsəyiblərsə, yeni sistemdə belə ənənəvi, köhnə qaydadan istifadə edirlər. Real vəziyyət budur ki, müəllimlər kurikulum sistemindən, yeni alətlərdən necə istifadə etməyi bacarmırlar, onlar bunu necə edəcəklərini bilmirlər. Ona görə də şagirdləri aşağı nəticələrə görə qınamaq lazım deyil".

Ekspert sözlərinə belə davam edib: "Hesab edirəm ki, ali məktəbdə tədris proqramları əvvəlcədən müasirləşdirilərək müəllimlərə verilməlidir. Çünki əmək bazarına kadrlar universitetlərdən daxil olur. Əgər istəyiriksə müəllimlər kurikulumu, müasir təhsili, qiymətləndirməni bilsinlər onda bu proqramı lazımi resursları ali məktəblərin tədris proqramına salmaq lazımdır".

"Təsəvvür edin, 2017, 2018 və 2019-cu illərdə kurikulum standartlarına uyğun keçirilən imtahanlarda iştirak edənlərin 70 faizi öz ana dilindən və riyaziyyatdan 2 aldı. 70 faiz insan minimum suala düzgün cavab verə bilmədi. Demək olar 5 alan olmadı. Bu ona görə idi ki, müəllimlər hələ də kurikulum biliklərini əldə edə bilmirlər. Məktəb direktorları düzgün tədris prosesi qura bilmirlər. Bu kurikulum standartlarından biri öyrədilən bilik və bacarıqların “KSQ”lərdə, “BSQ”lərdə, “Formativ”lərlə yoxlanılmasıdır. Amma müəllimlər hələ də bunun ənənəvi qapalı test üsulu ilə yoxlanmasını həyata keçirirlər. Halbuki, digər konseptual bacarıqların yoxlanılması müxtəlif test tapşırıqları ilə yoxlanılmalıdır. Amma hələ də müəllimlər kurikulumu qəbul etmək istəmirlər. Çünki düşünürlər ki, bunun üçün pul lazımdır. Yəni hər dərsin hazırlanmasına əlavə vəsait tələb olunur. Həqiqətən də müəllimlər burada haqlıdırlar. Düzdür, müəllimlərin maaşları kifayət etmir ki, kurikulumdan hazırlaşsın. Amma bu o demək deyil ki, onlar kurikuluma hazırlaşmamalıdırlar. Əgər onlar bu sistemdə işləyirlərsə, dövlət onlara maaş verirsə, kağızla, printerlə və s. ləvazimatlarla təmin edirsə, 45 dəqiqə dərsdə oturursa, müəllim keyfiyyətli iş ortaya qoymalıdır. Hazırda 4500-dən çox orta məktəbdə 155 min müəllim çalışır. Onların çox cüzi bir hissəsi kurikulumdan dərs keçirlər. Ən bərbad ikinci bir hal ondan ibarətdir ki, sosial şəbəkələrdə müəyyən müəllim qrupları var, burada ənənəvi üsullarla, yaxud kurikulum üsulu ilə test tapşırıqları hazırlayırlar. Bütün müəllimlər eyni test tapşırıqlarını götürüb kopyalayaraq öz şagirdlərinə işlədirlər. Yəni, heç bir əziyyət çəkmək istəmirlər".

"Dövlət İmtahan Mərkəzinin sədri haqlı olaraq keçirdiyi obyektiv, şəffaf imtahanlarla ortaya bir nəticə qoydu ki, bəli, orta təhsil məktəblərimizdə direktorlarımızın fəaliyyətsizliyi nəticəsində fənn müəllimləri kurikulumu ənənəvi üsulla həyata keçirməyə başlayırlar. Dövlət bu standartın həyata keçirilməsi üşün 30 milyon manatdan çox vəsait xərcləyib. Amma təsəvvür edin ki, 155 mindən çox müəllimimizin, demək olar ki, hamısı kurikulum təlimlərinin iştirakçısıdır. Onlar deyirlər ki, kurikulum kurslarından keçmişik, diplomlarımız, sertifikatlarımız var. Amma ortada olan nəticə odur ki, bizim müəllimlərimiz hələ də kurikulumu başa düşə bilmir, mənimsəyə bilməyiblər. Yoxsa Təhsil Nazirliyinin keçirdiyi müəllimlərin işə qəbulu imtahanı üçün mövzu əzbərləyib 3-5 sual yazmaqla kurikulum öyrənmək olmaz. Təhsil Nazirliyinin bir həftəlik 20 manata keçirdiyi kurikulum təlimləri ilə müəllimlərdə bu müasir yanaşmanı formalaşdırmaq olmaz. Düşünürəm ki, məsələnin pis tərəfi ondan ibarətdir ki, müəllimlərimizə 2-3 günlük kurikulum təlimləri ilə kurikulumu mənimsədə bilmərik. Mütləq şəkildə müəllimlərimiz 6 aydan az olmamaq şərti ilə kurikulum təlimlərində iştirak etməlidirlər. Təlimləri nəzəriyyə üzərində yox, praktika üzərində keçmək lazımdır. Müəllimlər üçün kurikulum təlimləri təşkil edən qurumlar inanın ki, ancaq kağız üzərində təlimlər keçirlər. Ən çox da kurikulum təlimləri keçirənlər sertifikat paylamaqla məşğuldurlar. O təlimləri keçənlər kurikulumu dəqiq öyrənmirlər. Hesab edirəm ki, kurikulum təlimlərini Dövlət İmtahan Mərkəzi həyata keçirməlidir. Çünki Dövlət İmtahan Mərkəzi, digər qurumlardan fərqli olaraq, daha peşəkar səviyyədə bu işi təşkil edir. Digər qurumlar isə bunu, sadəcə, formal olaraq həyata keçirirlər. Müəllimlərin biliyi bu qurum tərəfindən yoxlanarsa və yüksək nəticə göstərən müəllimlərə sertifikatlar verilərsə, bu, qısa müddətdən sonra arzuolunan nəticəni ortaya qoya bilər".

"Ümumiyyətlə, "Kurikulumu ləğv etmək və ya bu özünü doğrultmadı kimi" ifadələri düzgün hesab etmirəm. Hörmətli təhsil ağsaqqallarımızın bu günlərdə yayılan fikirlərinin geniş izahına ehtiyac var. Müasir dünya təhsili ilə ayaqlaşmaq adına zaman-zaman yeni və innovativ proqramlara müraciət etmək məcburiyyətindəyik. Kurikulum termini proqram sözünün sinonimi kimi qəbul edilib. Ən yaxşı halda demək olar ki, bugünkü proqramlara yenidən baxmaq, günün tələbi ilə ayaqlaşdırmaq lazımdır".

"Kurikulumu ləğv edək deyərkən nəyi nəzərdə tuturuq? Mənə görə proqram qayət doğrudur. Lakin icrasında hansısa problemlər var və bu da həll olunmalıdır. Bu başqa məsələ... Bu sistemin bu cür olmasının yeganə səbəbi məktəbdə keçirilən təfəkkür yönümlü tədrisin son nəticədə qiymətləndirməsinin düzgün aparılmamadıdır. Həyatı bacarıqlara, praktiki biliklərə söykənən dərsi keçən müəllimin şagirdi qəbul imtahanında sadəcə bilikdən imtahan verir. Bunu da görən müəllim valideynin tələbinə cavab vermək üçün dərslikləri kənara atıb ənənəvi bilik yüklü dərsə üz tutur. Bu da ona gətirir ki, kurikulum özünü doğrultmadı.

Kurikulum bizə nə qazandırdı, nə aldı?
Qazanılanlar
- Təlim alma, təlimə getmə mədəniyyəti
- Təlimçilər
- Şagird mərkəzli təlim-tədris
- Müəllimin müasir tədrisdə yeni fasilitasiya rolunu anlamasını
- Təlimdə və tədrisdə müxtəlif üsullar
- Əyaniliyin artması

İtirilənlər
- Maddi vəsait
- Klassik müəllim özünəməxsusluğu
- Kurikulumun bəzi müəllimlər tərəfindən anlaşılmazlığı səbəbi ilə standart müəllim yanaşması.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə