“Əgər yoluxma sayının artması belə davam edərsə...” TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

“Yoluxma sayı kifayət qədər yüksəkdir. Dərs ilinin də başlanmasına az qalıb. Ona görə də insanlar narahatdırlar, düşünürlər və qərarın nə cür olmağını səbirsizliklə gözləyirlər. Əslində, dərslərin belə olması, ümumiyyətlə, hansı formada keçirilməsi yalnız və yalnız Nazirlər Kabinetinin, Operativ Qərargahın qərarı əsasında tənzimlənən bir prosesdir. Bu prosesdə Təhsil Nazirliyi qərarverici orqan deyil. Amma universitetlərin açılması barədə onu demək olar ki, il yarım davam edən pandemiya, əslində, bizim təhsil sistemimizə çox böyük neqativ təsir göstərdi və o vaxtdan da dərslərin açılması, ənənəvi formada dərslərin keçirilməsi hesab edirəm ki, çox faydalı olardı”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti İlqar Orucov deyib.

Onun sözlərinə görə, amma vəziyyət xeyli gərgindir və bu baxımdan da vəziyyətin bu cür kəskinləşməsi və yoluxma sayının artması əgər belə davam edəcəksə və vəziyyət nəzarətdən çıxacaqsa, əlbəttə ki, bu istiqamətdə düşünmək olar: “Baxmayaraq ki, yoluxma sayı çoxdur, dövlətimizin Covid-19 pandemiyası ilə mübarizə tədbirləri nəticəsində xəstəxanalar, tibb personalı bu prosesi nəzarətdə saxlaya bilir. Amma idarəolunmaz hala gələcəksə, o zaman təhsilin ənənəvi formada davam etdirilməməsi mövzusu var və aktuallığını bir daha göstərəcək və bununla bağlı qərar qəbul ediləcək”.

Ekspert sözlərinə belə davam edib: “Hələ ki, belə bir vəziyyətin dramatik, idarəolunmaz olmasını demək tezdir və xüsusilə ali təhsil müəssisələrində tələbələrin, orada çalışan pedaqoji heyətin vaksinasiyası davam etdirilir və böyük əksəriyyəti artıq vaksinasiya prosesindən keçib. Ona görə də düşünürəm ki, tələbələr bu məsələdə olduqca həssaslıq və nümunəvi bir münasibət ortaya qoymalıdırlar. Onlar mütləq şəkildə vaksinasiya olunmalıdırlar. Düşünürəm ki, vaksinasiya prosesi də sürətlə getsə, ali təhsil müəssisələrinin açılması barədə danışa biləcəyik və digər tərəfdən bilirsiniz ki, tədris ili yaxınlaşdıqca fərqli ölkələrdə fərqli qərarlar qəbul olunur. Məsələn, Türkiyədə əslində belədir ki, vaksinasiya olunmamış, vaksinasiyadan keçməmiş müəllimlərlə bağlı qərar artıq çox sərtləşdi və iki həftədən bir Covid testi verməlidirlər, ondan sonra dərslərə buraxılacaqlar. Bu məsələni, ən azından tələbələrə də şamil etmək olar və beləliklə, prosesi nəzarətdə saxlamaq olar. Amma birmənalı olaraq tədrisin əyani şəkildə davam etdirilməsinin tərəfdarıyam. Əlbəttə ki, proses təhlükəli həddə olmaz. Amma olacaqsa, onda biz məcbur olacağıq ki, yenə də əvvəlki formada, distant formada təhsili davam etdirək. Amma reallıq budur ki, distant təhsil əvvəlki təhsilin yerini verə bilmir və təhsilin keyfiyyətində effektivlik xeyli aşağı düşür. Bu baxımdan, hesab edirəm hələ bir qədər vaxtımıza var, sentyabrın əvvəlində sanitar epidemioloji vəziyyətdən asılı olaraq biz müvafiq qərarlar görə biləcəyik”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə