"Təbii ki, tədris prosesi əvvəlki qaydada olmayacaq" EKSPERT RƏY BİLDİRDİ
“İlk növbədə qeyd edim ki, ali təhsil müəssisələrində 1 il 6 aydan çoxdur ki, tədris prosesi onlayn qaydada həyata keçirilir və bu ciddi şəkildə problemlər yaradır. Hesab edirəm ki, bu problemlərin aradan qaldırılması üçün mütləq şəkildə təhsil alan tələbələr vaksinasiya olunmalıdırlar”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
Onun sözlərinə görə, bildiyiniz kimi 2021 - ci il mayın 10 - dan yaşı 18 - dən yuxarı olan şəxslər könüllü olaraq əgər vaksinasiyaya cəlb edilərsə, 2021 - ci il sentyabrın 1 - dən vaksin olunmayan tələbələrin tədris prosesində ənənəvi iştirakına icazə verilməyəcək: “Hesab edirəm ki, bu ciddi bir məsələ olacaq və bu əslində onu deməyə imkan verir ki, “bəli 2021 - ci ilin sentyabrında tədris ənənəvi qaydada bərpa olunacaq”.
Ekspert sözlərinə belə davam edib: “Nəzərə alsaq ki, bizim 51 ali təhsil müəssisəsində 182 min tələbə təhsil alır və bu da ciddi bir rəqəmdir. Burada tədris prosesi ənənəvi qaydada həyata keçirilsə belə əvvəlki qaydada olmayacaq. Deyək ki, tələbələrin tədris prosesində iştirakı, keçirilən fənlər, auditoriyada tələbələrin sayı hər biri əvvəlki ilə müqayisədə yarıya qədər azaldılacaq, hətta nəzərə alsaq ki, yaşı 18 olmayanlar da ali təhsil müəssisələrində təhsil alırlar. Onların tədris prosesindəki iştirakı müəyyən qədər çətinlik yaradacaq və hesab edirəm ki, yuxarı kursdakı 3-4-cü kurslar günün ikinci yarısında, 1 - ci kurslar günün birinci yarısında təhsilə davam edəcəklər”.
“Digər tərəfdən isə əsas ixtisas fənnlər ənənəvi qaydada, ixtisas üzrə ikinci dərəcəli əlavə fənnlər isə onlayn qaydada həyata keçiriləcək ki, bu da tədris prosesinin ənənəvi təşkilinə imkan verəcək. Hesab edirəm ki, xüsusən tibb, mühəndislik kimi ixtisaslarda onlayn qaydada tədrisin həyata keçirilməsi effektiv deyil. Ona görə də biz mütləq şəkildə bütün tələbələri ənənəvi qaydada tədrisdə iştirakı üçün vaksinasiyaya cəlb edilməsinə maraqlı olmalıyıq. Ümumilikdə, təhsil sisteminin elektronlaşdırılması istiqamətində böyük addım atılıb. Kifayət qədər yeniliklər tədrisin təşkilindəki müddət tələbə sayı ilə bağlı olacaqdır”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB