Ənənəvi təhsil bərpa olunur? EKSPERT YENİ QAYDALARI AÇIQLADI

“İlk növbədə qeyd edim ki, ali təhsil müəssisələrində 1 il 6 aydan çoxdur ki, tədris prosesi onlayn qaydada həyata keçirilir və bu, ciddi şəkildə problemlər yaradır. Hesab edirəm ki, bu problemin aradan qaldırılması üçün mütləq şəkildə təhsil alan tələbələr vaksinasiya olunmalıdırlar”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Onun sözlərinə görə, 2021-ci ilin mayın 10-dan yaşı 18-dən yuxarı olan şəxslər könüllü olaraq vaksinasiyaya cəlb edilirlərsə, 2021-ci ilin sentyabrın 1-dən vaksin olunmayan tələbələrin tədris prosesində ənənəvi iştirakına icazə verilməyəcək: “Hesab edirəm ki, bu, ciddi bir məsələ olacaq. Bu, əslində bizə imkan verir ki, 2021-ci ilin sentyabrında tədris ənənəvi qaydada bərpa olunacaq”.

Kamran Əsədov sözlərinə belə davam edib: “Nəzərə alsaq ki, bizim 51 ali təhsil müəssisəsində 182 min tələbə təhsil alır və bu da ciddi bir rəqəmdir. Burada tədris prosesi ənənəvi qaydada həyata keçirilsə belə, əvvəlki qaydada olmayacaq. Tələbələrin tədris prosesində iştirakı, keçirilən fənlər, auditoriyada tələbələrin sayı kimi amillər əvvəlki illərlə müqayisədə yarıya kimi azaldılacaq. Hətta nəzərə alsaq ki, 18 yaşı tamam olmayan şəxslər də ali təhsil müəssisələrində təhsil alırlar, onların tədris prosesində iştirakı müəyyən qədər çətinlik yaradacaq. Hesab edirəm ki, yuxarı kurslar günün ikinci, kiçik kurslar isə birinci yarısında dərsə gələcək”.

“Digər tərəfdən isə əsas ixtisas fənləri ənənəvi qaydada, ixtisas üzrə ikinci dərəcəli əlavə fənlər isə onlayn qaydada keçiriləcək ki, bu da tədris prosesinin ənənəvi təşkilinə imkan verəcək. Hesab edirəm ki, xüsusən tibb və mühəndislik kimi ixtisaslarda tədrisin onlayn qaydada həyata keçirilməsi effektiv deyil. Ona görə də, biz mütləq şəkildə bütün tələbələri ənənəvi qaydada tədrisdə iştirakı üçün vaksinasiyaya cəlb etməliyik”.

“Ümumilikdə, təhsil sisteminin elektronlaşması istiqamətində böyük addımlar atılıb. Kifayət qədər yeniliklər təhsilin təşkilindəki müddət tələbə sayı ilə bağlı olacaq”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə