"Məktəblərin bərpası istiqamətində çox böyük işlər görülür" - TƏHSİL EKSPERTİ ŞƏRH ETDİ
“İlk növbədə qeyd edim ki, dünyaca təhsilə diqqət və qayğı göstərən ilk ölkələrdən biri Azərbaycandır. İstər pandemiya, istərsə də post-pandemiya dövründə Azərbaycan təhsil islahatlarına kifayət qədər çevik reaksiya verən ölkələr sırasındadır. Azərbaycan o ölkələrdəndir ki, pandemiya dövründə təhsil alan şəxslərin təhsil haqlarını öz üzərinə götürdü”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
Onun sözlərinə görə, son 10 il ərzində ölkədə 3500-dən çox yeni məktəb binası tikilib və yaxud da qəzalı məktəbdə olan məktəblər təmir olunub: “Bütün bunlar ölkə başçısının təhsilə göstərdiyi birbaşa diqqətin sübutudur. Eyni zamanda, birinci vitse-prezident Mehriban Əliyeva uşaq bağçaları ilə bağlı xüsusi diqqət və qayğı göstərir. Biz bilirik ki, 30 ilə yaxın müddətdən sonra Azərbaycanın tarixi torpaqları azad edildi və bu zaman 44 günlük zəfərlə başa çatan müharibə dövründə erməni işğalçıları istər işğal altında olan, istərsə də digər ərazilərdə məktəblərə ciddi şəkildə zərər verdilər. Yeni tədris ilində həmin məktəblərdə tədris prosesi bərpa edilməlidir. Ölkə başçısı cənab İlham Əliyev 4 günlük müharibə ərzində erməni işğalçılarının hücumu nəticəsində dağılmış məktəblərin bərpası haqqında qərar verdi ki, bu da olduqca müsbət bir addımdır”.
Kamran Əsədov sözlərinə belə davam edib: “Artıq bilirik ki, Azərbaycanın diplomatik fəaliyyəti nəticəsində ermənilərin törətdiyi vəhşiliklər dünya ictimaiyyətinə çatdırılır. Biz qısa müddət ərzində bu məsələləri bərpa etməliyik ki, yeni tədris ilində azərbaycanlı şagirdlər həmin məktəblərdə tədris prosesində iştirak etsinlər. Ona görə də mən bu addımı çox müsbət qiymətləndirirəm. Ümumilikdə, son illərdə məktəblərin tikilməsi, yenidən qurulması, bərpası istiqamətində çox böyük işlər görülür. Təkcə bu il paytaxt Bakıda 8 yeni məktəb binası tikilir. Ümumilikdə, Azərbaycanda son illərdə tikilən yeni məktəb binalarının sayı regiondakı bütün ölkələrin məktəblərinin sayından dəfələrlə çoxdur”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə