"Şəhər və kənd məktəbləri arasında fərq hələ də qalır" - MÜNASİBƏT BİLDİRİLDİ

"Təxminən son on ildə kənd məktəbləri ilə şəhər məktəbləri arasındakı müəllimlərin bilik, bacarıq və kompetensiyalarında müəyyən fərqlər müşahidə olunur. Bu, əsasən onunla bağlıdır ki, ucqarlara və kənd yerlərinə elan olunan vakansiyaları təmin etmək üçün minimum keçid balı kifayət edir". Bunu SİA-ya açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.

Onun sözlərinə görə, şəhər mərkəzlərində isə vəziyyət fərqlidir — burada 90 baldan yuxarı nəticə tələb olunur: "Bu da o deməkdir ki, şəhər məktəblərində kifayət qədər bilikli, bacarıqlı, yəni testlərin ən azı 90 faizinə doğru cavab verən şəxslər müəllim kimi fəaliyyət göstərə bilirlər.

Məhz buna görə də bu gün şəhər və kənd məktəbləri arasında fərq axtarsaq, onu əsasən bu şəkildə görə bilərik. Nəticədə, adi təhsil müəssisələrinə qəbulda da şəhər məktəblərinin şagirdləri kənd məktəblərinin şagirdlərinə nisbətən daha çox uğur qazanırlar. Digər tərəfdən, şəhər məktəblərində hazırlıq keçən abituriyentlərin üstünlüyü ondan ibarətdir ki, Dövlət İmtahan Mərkəzinin xüsusi hazırladığı test kitabçaları onların əlinə daha tez çatır. Bu da müəyyən qədər müsbət təsir göstərir.

Ucqar kəndlərə bu materialların gec çatması, eyni zamanda müəllimlərin özlərini inkişaf etdirmək imkanlarının məhdudluğu da bu fərqə təsir edən amillərdəndir. Şagirdi öyrətməklə yanaşı, müəllim də daim öz üzərində işləməli, testlərə hazır olmalı, bilik və bacarığını artırmalıdır. Lakin şəhər məktəblərində bu imkanlar daha genişdir. Bütün bunlara görə, şəhər və kənd məktəbləri arasında mövcud fərq istəsək-istəməsək də hələ də qalır".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə