"Qarabağ Universiteti hələ fəaliyyətə başlamamışdan əvvəl, bütün təhsil tədqiqatçıları, mütəxəssislər bu ali təhsil müəssisəsini tam fərqli səpkidə, daha müsbət meyarlar əsasında fəaliyyət göstərəcəyini qeyd etmişdilər". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti, STM əməkdaşı Elmin Nuri deyib.
Onun sözlərinə görə, bu sevindirici haldır ki, verdiyimiz proqnozlar, ümumilikdə Qarabağ Universitetinə olan diqqət, onun fəaliyyəti, həqiqətən də, özünü tam şəkildə doğrultmaqdadır: "Hal-hazırda Qarabağ Universiteti Azərbaycan modern ali təhsilinin əsas lokomativi rolunu oynamaq gücündədir.
Qarabağ Universitetinin Xankəndi şəhərində yerləşməsi, təhsil hadisəsi ilə yanaşı, zəfər hadisəsinə çevirir. Amma Qarabağ Universitetini təhsil hadisəsinə çevirən əsas səbəblər irəlidədir. Birinci növbədə bu universiteti tədqiqat universiteti moderasiyasında görə bilərik. Bu gün dünyanın bir sıra universitetləri sırf tədqiqat universiteti istiqamətində hərəkət edir, dünya reytinq cədvəllərində tədqiqatçılıq imkanlarının istifadəsinə görə yer alır, bu istiqamətdəki uğurlara görə fərqlənirlər. Biz həmişə təəssüflənmişik ki, bizim universitetlər niyə tədqiqat yönümlü deyil və niyə zəifdir? Ölkəmizdə bu tip universitetlər barmaqla sayılacaq qədərdir. Qarabağ Universiteti bu boşluğu dolduracaq ən güclü ATM olmalıdır. Bu gün Qarabağ Universitetinə olan diqqət və münasibət həddindən artıq yüksək səviyyədədir. Hazırda Qarabağ Universitetinin nəzdində tibb klinikasının açılması, azad olunmuş digər ərazilərdə müxtəlif istiqamətlərə aid olan ixtisasların açılması çox mühümdür. Qarabağ Universiteti təkcə yerləşdiyi Xankəndi şəhərində deyil, digər işğaldan azad edilmiş əraziləri də əhatə edəcək.
Əldə etdiyim məlumata görə, “Mədəniyyət və incəsənət” fakültəsi Şuşa şəhərində, digər bir neçə fakültə isə Xocalı şəhərində ,yəni, universitetin digər korpuslarında fəaliyyət göstərəcək.
Biz bilirik ki, universitetlərimizin kampus şəraiti demək olar ki, yoxdur. Tələbə sayı 15-18 min olan universitetlərimiz var ki, həyətində bir korpus olmaqla kifayətlənir. Amma Qarabağ Universitetinin korpusları məkan etibarilə bir-birinə tabe olmayan, korpus sistemləri cəmindən ibarət olacaq. Qarabağ Universiteti məhz bu mexanizmə görə, Azərbaycanda bir ilk olacaq.
Qarabağ universitetinin əsas üstünlükləri bunlardır:
Birincisi, tədqiqat meylli istiqamət tutması;
İkincisi, modern kampus sisteminə cavab verməsi;
Üçüncüsü, kadr heyətinin yüksək keyfiyyətdə olması;
Dördüncüsü, tələbələrə xüsusi güzəşt paketinin verilməsi. Qarabağ Universitetində digər universitetlərdən fərqli olaraq, həm tələbə təqaüdləri, həm pulsuz yataqxana, həm də digər güzəştlər tətbiq olunur. Biz əminik ki, kriteyalar getdikcə artacaq. Qarabağ Universiteti yeni tədris ilindən dünyanın nüfuzlu reytinq cədvəlinə düşmək uğrunda çox haqlı mübarizə aparacaq".
Müəllif: Həmid Əhədli
Bütün xəbərlər Facebook səhifəmizdə